YENİ YARIMSTANSİYALAR DAYANIQLIĞI DAHA DA ARTIRACAQ
“Abşeron Regional Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumatda bildirilir ki, təmir-bərpa işlərinin yüksək səviyyədə aparılması şəbəkənin texniki avadanlıqlarının dayanıqlığının təmin olunmasında mühüm rol oynayıb. Görülən işlərə nümunə olaraq 110 kilovoltluq "Qala" və 220 kV-lik "Hövsan" yarımstansiyaları arasında 2 ədəd 110 kV-lik iki dövrəli III və IV "Qala" xətlərinin çəkilməsi, bundan başqa, I və II "Qala" xətlərində yenidənqurma tədbirlərinin həyata keçirilməsi, I və II "Zığ" xəttindəki dayaqların daha keyfiyyətliləri ilə əvəz olunması göstərilə bilər. Eyni zamanda, 500 kV-lik "Abşeron" və 220 kV-lik "Xırdalan" yarımstansiyaları arasında olan 220 kilovoltluq III və IV "Abşeron" hava xətləri bütünlüklə yenilənib. I "Şirvan" və II "Maştağa" hava xətlərində əlavə dayaqların qoyulması da görülən işlər sırasındadır.
Qeyd edək ki, 220 kilovoltluq "Zabrat" yarımstansiyasında son tamamlama işləri gedir və bu obyektin cari ilin ortalarında istifadəyə verilməsi nəzərdə tutulur. Eyni zamanda, hazırda Bayıl qəsəbəsi ərazisində inşa olunan 110 kV-lik "Bayıl" yarımstansiyasında da ümumi gücü 240 MVA olmaqla, 3 ədəd 80 MVA-lıq transformatorların quraşdırılması planlaşdırılır.
Onu da qeyd edək ki, REŞ-in balansına daxil olan obyektlər üzrə yenidənqurma işlərinin aparılmasına da ciddi diqqət yetirilir. "Səngəçal" yarımstansiyasında avadanlıqlar əsasən yeniləri ilə əvəz olunub. Yalnız I və II “Ələt” xətlərini əlaqələndirən 2 ədəd yağ açarının quraşdırılması qalır ki, bu istiqamətdə də zəruri tədbirlər görülür. "Müşfiq" yarımstansiyasında da işlər əsasən yekunlaşıb. Orada quraşdırılması nəzərdə tutulan 250 MVA gücündə əlavə transformator alınıb. Bu transformator da şəbəkəyə qoşulduqdan sonra yarımstansiyanın imkanları daha da genişlənəcək.
Yeri gəlmişkən, bu günlərdə Almaniyanın "Siemens" şirkətinin istehsalı olan, hər birinin gücü 250 MVA-lıq 3 ədəd transformator alınıb. Onların yeni tikilən 220 kV-lik "Böyükşor" yarımstansiyasında quraşdırılması nəzərdə tutulur. Bu yarımstansiyanın işə düşməsi “Hövsan” xətlərində, o cümlədən daha çox yüklənmə zərurəti yaranan EVX-lərdə yüklərin digər xətlərə paylanmaqla azaldılması baxımından əhəmiyyəti rol oynayacaqdır.