ŞƏBƏKƏLƏRDƏ TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

Ölkəmizin enerji sistemində həyata keçirilən məqsədyönlü tədbirlər, yeni texnologiyaların tətbiqi ilə aparılan quruculuq işləri  istehlakçıların dayanıqlı  və keyfiyyətli elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmağa imkan verir. Texniki-iqtisadi göstəricilərin səviyyəsinin yüksəldilməsini, o cümlədən  elektrik enerjisinin dayanıqlı ötürülməsini təmin etmək üçün nəzərdə tutulan texniki tədbirlər son üç ayda da davam etdirilmişdir.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə İmişli Elektrik Şəbəkəsindən (EŞ) müəssisə üzrə həm elektrik verilişi xətlərində (EVX), həm də transformator məntəqələrində (TM) son üç ayda həyata keçirilmiş əsaslı və cari təmir işləri barəsində  daxil olan məlumata görə, 55 ədəd transformator əsaslı və cari təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir. Eyni zamanda rayonun bir neçə kənd və qəsəbələrində, həmçinin İmişli şəhəri ərazisində ümumilikdə 4,3 kilometrə yaxın 0,4 kV-lik xəttlərdə təmir işləri aparılmışdır.

Qeyd edək ki, təmir işləri TM-ləri qidalandıran 10 və 6 kV-lik EVX-lərdən də yan keçməmişdir. Belə ki, sözügedən dövr ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 110 kV-lik “İmişli”, 35 kV-lik “Muğan”, “Rəsullu”, “Sarxanlı”, “Məzrəli” yarımstansiyalarından çıxan 10 və 6 kV-lik EVX-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən sözügedən gərginlikli xətlərin ümumilikdə 3,8 kilometri təmir edilmişdir.

Ağcabədi EŞ-dən əldə edilən məlumatda isə bildirilir ki, 110 kV-lik “Ağcabədi” yarımstansiyasından çıxan 10 kV-lik “Hacıbədəlli”, 1 və 2 saylı “Şəhər”, “Nizami”, “Rəncbərlər” və 35 kV-lik “Qiyaməddinli”, “Hindarx-2” yarımstansiyalarından çıxan bir neçə 10 kV-lik xətlərdə də müxtəlif təyinatlı təmir işləri aparılmış, o cümlədən həmin bu xətlərin ümumilikdə 3,6 kilometrə yaxın hissəsi təmir edilmişdir.

Onu da qeyd edək ki, təmir işləri müəssisənin xidməti ərazisində olan 0,4 kV-lik EVX-lərdən və TM-lərdən də yan keçməmişdir. Belə ki, sözügedən dövrdə rayonun Hacıbədəlli, Yuxarı Qiyaməddinli, Mehrablı, Rəncbərlər və digər kənd və rayon mərkəzində olan 0,4 kV-lik xətlərin ümumilikdə 4,6 kilometrə yaxın hissəsində əsaslı və təmir işləri aparılmışdır. Eyni zamanda həmin bu dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan 45 ədəd müxtəlif güclü transformatorlar da təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.

Saatlı EŞ-in xidməti ərazisində isə son üç ay ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10/0,4 kV-lik 28 ədəd müxtəlif güclü transformator da təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir. Sözügedən dövr ərzində 10, 6 və 0,4 kV-lik elektrik verilişi xətlərində də  müxtəlif təyinatlı təmir işləri aparılmışdır. O cümlədən, 3,9 kilometrdən artıq 0,4 kV-lik xətt, 2,5 kilometrə yaxın isə 6-10 kV-lik xətt təmir edilmişdir.

Digər görülmüş və görüləcək işlərdən söz açan mənbələr sonda onu da bildirdilər ki, istehlakçıların elektrik enerjisi təchizatının daha da möhkəmləndirilməsi üçün kollektiv daha böyük əzmkarlıqla çalışır. Mal-material vaə texniki cəhətdən isə heç bir problemləri yoxdur.