OPERATİV TƏDBİRLƏR HƏYATA KEÇİRİLİB
“Zərdab Elektrik Şəbəkəsi”ndə (EŞ) istismar səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi ilə ötən il və cari ilin yanvar ayında bir sıra tədbirlər həyata keçirilib.
Şəbəkədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumatda bildirilir ki, bu müddət ərzində 10 kV-lik hava xətlərində 26,5 kilometr, 0,4 kV-lik hava xətlərində isə 35,4 kilometrdən artıq hissəsində təmir işləri aparılıb, transformatorlara isə tələb olunan miqdarda yağ əlavə edilib. Hava xətlərinin trassası yaşıl kütlədən təmizlənib. Rayonun "Sovxoz" adlanan, məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahəsində 100 kVA gücündə transformator quraşdırılıb, yeni hava elektrik verilişi xətləri çəkilib.
Qeyd edək ki, şəbəkənin təmirçilər qrupu “Əlvənd” və “Seyidlər” yarımstansiyalarında artıq yüklənən güc transformatorlarını daha güclü 4 MVA-lıq transformatorla əvəz ediblər. Nəticədə istehlakçılara daha da keyfiyyətli elektrik enerjisinin verilişi bərpa olunub. 35/10 kV-lik "Əlvənd" yarımstansiyasından çıxan 10 kV-lik 2-ci "Kənd" hava xəttinin yağ açarı yuva ilə birlikdə dəyişdirilərək vakuum açarla əvəz edilib. Həmçinin 35/10 kV-lik yarımstansiyaların avadanlıqlarında əsaslı və cari təmir işləri aparılıb, tələbatı olan avadanlıqlara transformator yağı əlavə edilib.
Mənbədən o da bildirilir ki, qarlı-şaxtalı günlərdə enerji təchizatının dayanıqlığını təmin etmək üçün bir sıra operativ tədbirlər də həyata keçirilib. Belə ki, rayonun qaz-istismar sahəsinin həyətində məskunlaşan əhaliyə və digər istehlakçılara xidmət edən 160 kVA gücündə transformator ehtiyatda olan 250 kV-lik, Güleyxanlı kəndindəki 60 kVA gücündə transformator isə 100 kVa-lıq transformatorla əvəz edilib. Rayonun Bəyimli qəsəbəsi ərazisindəki 100 kVa-lıq, Qoşaoba ərazisindəki 63 kVA-lıq, Allahqulubağı kəndindəki 160 kVA-lıq transformatorlar ifrat yükləndikləri üçün sıradan çıxdıqlarına görə "İmişli REŞ" MMC-nin təmir sexində bərpa edilərək öz yerlərində quraşdırılıb. Bundan əlavə, rayonun müxtəlif ərazilərində istismara yararsız hala düşən anker və aralıq dayaqlar, habelə ağac dayaqlar dəmir-beton dayaqlarla əvəz edilib.
Yeri gəlmişkən, cari ilin yanvar ayında 50 min kilovat-saatdan çox itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib.
“Kürdəmir” EŞ-də də energetiklər xidmət sahəsində irəliləyişə nail olublar. Belə ki, şəbəkənin xidməti ərazisində 3,5 kilometr uzunluğunda 1 ədəd 6 kV-lik, 500 km-dən çox uzunluqda 39 ədəd 10 kV-lik və 680 km-ə yaxın uzunluqda 86 ədəd 0,4 kV-lik hava xətləri, 735 ədəd 6-10/0,4 kV-lik transformator məntəqələri mövcuddur. Ötən il elektrik təsərrüfatında avadanlıqların texniki-istismar səviyyəsini normal saxlamaq istiqamətində nəzərdə tutulan tədbirlər planı həyata keçirilib.
Mənbəyə istinadən qeyd edək ki, 110/10 kV-lik "Kürdəmir" yarımstansiyasında 9 ədəd köhnə yağ açarının müasir tipli eleqaz açarlarla əvəz olunmasına başlanılıb və indiyədək 4 ədəd eleqaz tipli vakuum açarı quraşdırılaraq istismara verilib. Şəbəkənin balansında olan transformatorlardan 114 ədədi təmirdən çıxarılıb. Rayonun müxtəlif ərazilərində abonentlərin həyətindən keçən elektrik xətlərindən 3 min metrə qədəri SİP kabeli ilə əvəz edilib.