ŞƏBƏKƏLƏRDƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ DAHA DA YAXŞILAŞDIRILIB
“Azərenerji”nin bütün strukturlarında olduğu kimi, “Xırdalan” və “Qobustan” elektrik şəbəkələrində (EŞ) də istehlakçıların elektrik enerjisi təchizatında yaranacaq hər hansı bir problemin qarşısının vaxtında alınması məqsədilə xidməti ərazilərində olan transformator məntəqələrində və elektrik verilişi xətlərində (EVX) təmir-bərpa işləri müvəffəqiyyətlə həyata keçirilmişdir.
Xırdalan EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, son üç ay ərzində şəbəkənin balans mənsubiyyətinə aid olan transformator məntəqələrində (TM) və komplekt transformator məntəqələrində (KTM) bir sıra təmir-bərpa işləri yerinə yetirilmişdir. Bu təmir işləri Xırdalanda, “At yalı”nda, Masazırda, 99 saylı yarımstansiyada icra edilib. Qeyd edək ki, ərazi vahidləri üzrə bütün zəruri tədbirlər görülmüş, transformatorlara yağlar əlavə edlimişdir.
10 kilovoltluq “Höküməli”, “Qobu”, “Elektrik”, “Kooperativ”, “Neftnaliv”, “Saray” hava elektrik verilişi xətlərində də müxtəlif təyinatlı yenidənqurma işləri aparılmışdır.
Mənbənin bildirdiyinə görə, “At yalı” adlanan ərazidə yerləşən 453 və 457 saylı komplekt transformator məntəqələrində aparılmış təmir işləri zamanı güc transformatorları da yeni eyni güclü transformatorla əvəz edilmişdir. Eyni zamanda sözügedən ərazidə olan 459 saylı KTM-də isə 160 kVA-lıq transformator 400 kVA-lıqla əvəz edilmişdir.
Qeyd edək ki, sözügedən müəssisənin balans mənsubiyyətinə aid olan 117 saylı KTM-də 100 KVA transformator 400 KVA ilə əvəz edilmişdir. Ümumiyyətlə, müvafiq tədbirlərin vaxtında yerinə yetirilməsi sözügedən ərazinin elektrik şəbəkəsinin dayanıqlığını daha da artırmışdır.
Analoji təmir-bərpa işləri Qobustan EŞ-də də aparılmışdır. Belə ki, sistemin dayanıqlığının daha da yaxşılaşdırılması məqsədilə, 10 kV-lik “Hilmilli”, “Cəyirli”, “Təklə” və “Mirzə/baba” hava xətləri təmir edilmiş, ümumilikdə 1000 metrə yaxın naqil yenisi ilə əvəz edilmişdir. Paralel olaraq 10 kV-lik “Şıxzərli”, “Ərəbqədim”, “Sündü”, “Şəhər-1-2”, “Cəm cəmli”, “Nabur” hava elektrik verilişi xətlərində də müxtəlif təyinatlı yenidənqurma işləri uğurla aparılıb. Buraya izolyatorların dəyişdirilməsi, yeni ayırıcı və sayğacların quraşdırılması, yeni naqillərin və kabel xətlərinin çəkilməsi və transformatorlara yağ əlavə edilməsi işləri daxildir.
Yeri gəlmişkən, sözügedən dövrdə müəssisənin xidməti ərazisində 10 kV-lik “Cəm-cəmli” HX-dən doydurulan bir ədəd TM quraşdırılmışdır.
Sonda qeyd edək ki, həyata keçirilmiş bütün bu tədbirlər istehlakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsinə, texnoloji itkilərin müəyyən edilmiş həddə saxlanılmasına, ifrat yüklənmələrin qarşısının alınmasına xidmət edir.