ELEKTRİK ENERJİSİNDƏN QEYRİ-QANUNİ İSTİFADƏ HALLARININ QARŞISI ALINIR
İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.
Salyan Elektrik Şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 72 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq 328 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən ilin aktlarına görə yaranmış debitor borcun da müəyyən qisminin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, ötən il ərzində isə burada 1030-dan artıq istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntularına görə 3 milyon 998,2 min kilovatsaat itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 24 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan qisminin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Lənkəran EŞ-dən əldə edilən məlumata görə, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 38 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları üzrə müvafiq qaydada hesabatlar aparılaraq 91,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 5,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 55 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd edək ki, ötən il ərzində burada keçirilmiş reydlər zamanı 447 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılmışdır. Nəticədə 2 milyon 206,6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 72 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə hər iki mənbədən əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.
Yeri gəlmikən, sözügedən müəssisələrin də daxil olduğu “Şirvan” REŞ (buraya yuxarıda qeyd edilən müəssisələrlə yanaşı “Şirvan”, “Neftçala”, “Hacıqabul”, “Cəlilabad”, “Biləsuvar”, “Masallı”, “Yardımlı”, “Lerik” və “Astara” EŞ-ləri də daxildir) üzrə isə cari ilin yanvar ayında 230-dan artıq qayda pozuntusu faktı aşkar edilərək 1 milyon 235,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 74,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 55 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.