RAYONLARIN ENERJİ ŞƏBƏKƏLƏRİNİN TƏMİRİ DAVAM EDİR

Image

Ölkəmizin şimal-qərb rayonlarının enerji təchizatının daha da möhkəmləndirilməsi məqsədilə, bu bölgənin regional enerji şəbəkəsinin (“Şəki REŞ”) ərazisinə daxil olan bütün rayon elektrik şəbəkələrində təmir və bərpa işləri davam etdirilir. Bu regional mərkəzdən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata görə, “Balakən” və “İsmayıllı” elektrik  şəbəkələrində son üç ay ərzində 10, 6 və 0,4 kV-luq xətlərdə yenidənqurma və təmir işləri, transformator və ya komplekt transformator məntəqələrində xeyli müvafiq işlər görülmüş və eyni zamanda elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.

Balakən Elektrik Şəbəkəsi üzrə son üç ay ərzində görülmüş işlər çərçivəsində 6-10 kV-luq elektrik verlişi xətlərində 4,5 km məsafədə təmir-bərpa işləri aparılmışdır. Buraya 110 kV-luq “Balakən” yarımstansiyasından çıxan 10 kV-luq “Sənaye”, “Dəmiryol”, “Qazbinə”, “Konserva”  EVX, eynigərginlikli “Katex” yarımstansiyasından çıxan 6 kV-luq “Katex” EVX,  35 kV-luq “Qabaqçöl” yarımstansiyasından çıxan 10 kV-luq “Qazma”, “Tülü” hava xətlərində aparılan işlər daxildir.

Qeyd edək ki, 0,4 kV-luq elektrik verilişi xətlərində isə 3 kilometrə yaxın məsafədə rayonun İtitala və Hənifə kəndlərində və Balakən şəhərində təmir işləri aparılmışdır. Bununla yanaşı şəbəkənin əməkdaşları tərəfindən 21 ədəd transformator məntəqəsində də təmir işləri aparılmışdır.

Bununla yanaşı İsmayıllı Elektrik Şəbəkəsi işçiləri tərəfindən isə son üç ay ərzində 10 kV-luq elektrik verlişi xətlərində şəbəkənin müxtəlif yarımstansiyasından çıxan HX-lərində 1,2 kilometrdən artıq məsafədə əsaslı və cari təmir işləri görülmüşdür. Bu yarımstansiyalara və HX-lərinə “Girdman” y/st-dan çıxan 10 kV-luq “Yeniyol”; 110/10 kV-luq “Qubaxəlilli” y/st-dan çıxan 110 kV-luq “Xanlar” və 35/10 kV-luq “Zərgəran”; 110/35/10 kV-luq “İsmayıllı” y/st-dan çıxan 10 kV-luq “Qafqaz” h/xəttləri aiddir.

Onu da qeyd edək ki, İsmayıllı rayonun 16-cı və Basqal məhəlləsində, Fizuli, Axundov, H.Əliyev, Cavanşir, Ələkbərzadə, Sabir, Nizami və M.Orucov adına olan küçələrində, Kürmaşı, Sumağallı, Talıstan, İşmayıllı, Qubaxəlilli, Hacıhətəmli və Diyarlı kəndlərində yaşayan sakinlərin elektrik enerji təchizatının daha da yaxşılaşdırılması məqsədilə 0,4 kV-luq şəbəkənin 3 kilometrdən artıq hissəsində əsaslı və cari təmir işləri aparılmışdır. Eyni zamanda sözügedən dövr ərzində 12 ədəd transformator məntəqəsi də təmir olunmuşdur.