YENİDƏNQURMA İŞLƏRİ DAVAM ETDİRİLİR
Digər enerji obyektlərində olduğu kimi “Xaçmaz Regional Elektrik Şəbəkəsi”nin (REŞ) kollektivi də istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün cari ilin son üç ayı ərzində payız-qış mövsümünə hazırlıq tədbirlərinə uyğun olaraq, istismar səviyyəsinin daha da yüksəldilməsi məqsədilə yüksək gərginlikli yarımstansiyalarda, güc transformatorları və avadanlıqlalarında, yağ açarlarında, xətt və şin ayrıcılarında, gərginlik transformatorlarında əsaslı və cari təmir qrafiklərinə uyğun olaraq, əsaslı təmir və bəzi avadanlıqların yeni tipli avadanlıqlar ilə əvəz olunması işləri həyata keçirmişdirlər.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə son üç ayı ərzində görülmüş işlər barəsində daxil olan məlumata görə, 330 kilovoltluq (kV) Xaçmaz yarımstansiyasında 1 və 2 saylı 180 MVA-lıq transformatorlar, eyni gərginlikli “Dərbənd” və “Xaçmaz”, 110 kV-lik 1-ci, 2-ci, 7-ci və 8-ci “Xaçmaz” hava elektrik verilişi xətlərinin (HEVX) eleqaz açarları, xətt və şin ayrıcıları təmir edilmişdir. Eyni zamanda 110 kV-lik “Quba” yarımstansiyasında hər birinin gücü 40 MVA olan 1 və 2 saylı güc transformatorlarının 35 və 10 kV-lik giriş yağ açarları, 35 kV-lik bölmələrarası yağ açarı, eyni gərginlikli “Qusar” və “Rabitə” hava xəttlərinin vakuum açarları, şin ayrıcıları və xüsusi sərfiyyat transformatorları təmir olunmuşdur. Bütün bunlarla yanaşı 35 və 10 kV-lik qapalı paylayıcı quruluşda (QPQ) yenidənqurma işləri aparılmış, hazırda son tamamlama işləri davam edir.
Yeri gəlmişkən, 110 kV-lik “Qusar” yarımstansiyasının genişləndirilməsi ilə əlaqədar yenidənqurma işləri aparılmış və bu istiqamətdə işlər hazırda davam etdirilir.
Qeyd edək ki, həmin bu dövrdə 110 kV-lik “Xaçmaz” yarımstansiyasında şinlər arası eleqaz açarı, 1-ci və 2-ci şin sisteminin şin ayrıcıları, bir neçə hava xəttinin eleqaz açarları və digər avadanlıqlar da təmir edilərək yarımstansiyanın dayanıqlığı daha da mıhkəmləndirilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən dövrdə 110 kV-lik “Xudat”, “Yalama”, “Qusar”, “Siyəzən”, 35 kV-lik “Qusar”, “Zeyxur” yarımstansiyalarında müxtəlif gücdə transformatorlarda, çıxış HX-lərin açarlarında, bölmələr arası avadanlıqlarda, xüsusi sərfiyyat transformatorlarında təmir işləri reallaşdırılmışdır.
Yarımstansiya və EVX-lərində texniki-istismar səviyyəsini yüksəltmək məqsədilə görülmüş tədbirlərdən söz açan mənbə onu da bildirdi ki, hesabat aylarında 330 kV-lik “Xaçmaz” və “Dərbənd”, 110 kV-lik “Xaçmaz”, “Çarxı”, “Bilici” və digər hava elektrik verilişi xətlərinə (HEVX) baxış keçirilərək ortaya çıxan nasazlıqlar aradan qaldırılmışdır. O cümlədən, dəmir künclüklərlə metal dayaqların dayanıqlığı təmin edilmiş, ümumilikdə 960-dən çox izolyator yenisi ilə əvəzlənmiş, 92 km-dən artıq xətdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda sözügedə dövrdə 110 kV-lik “Xudat-Yalama” HEVX-də 10 ədəd ağac dayaq metal dayaqla əvəzlənmiş və eyni sayda dayağın da dəyişdirilməsi işləri aparılır.
Mənbəyə istinadən sonda onu da qeyd edək ki, anoloji təmir-bərpa işləri davam etdirilir.