İSTEHSAL TƏLƏBATA UYĞUNDUR
Havaların sərt və şaxtalı keçməsinə baxmayaraq, paytaxtın müəyyən hissəsinin elektrik və istilik enerjisi tələbatının təmin olunmasında müstəsna rol oynayan “Bakı İstilik Elektrik Mərkəzi”ndə işlərin lazımi səviyyədə təşkil edilməsi səbəbindən dayanıqlıq təmin olunub. Stansiyada cari ilin ilk ayı üzrə 51,5 milyon kilovat-saat elektrik enerjisi, 48 min hekakalori istilik enerjisi istehsalına nail olunub.
Stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, hava şəraiti ilə əlaqədar hazırkı sınaq mərhələsində əldə olunan uğurlar, fasiləsiz və keyfiyyətli enerji istehsalına nail olunması bir sıra amillərlə şərtlənir. Bunlardan ən mühümü keçən ilin əvvəlindən növbəti qış mövsümünə hazırlıq işlərinin yüksək səviyyədə təşkil edilməsi olub. Ümumilikdə isə görülən işlərin miqyası genişdir. Bunlara 2 saylı qaz-turbin qurğusunda (QTQ) qapalı konturun, qaz kompressorunda yastıqların dəyişdirilməsi, yağın boşaldılmasından sonra çənin qazolinlə yuyularaq təzə yağın vurulması, 1 saylı QTQ-də qapalı kontur istilik dəyişdiricisinin və onun dəniz süzgəcinin təmizlənməsi daxildir.
Qeyd edək ki, 16 saylı buxar qazanının istismar səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülüb. Sahildə hava kompressorunun soyudu su xəttinin dəyişdirilməsi, sahildə suvarma xəttinin quraşdırılması, istiləşdirmə xəttinin bərpası da həyata keçirilən tədbirlərdəndir.
Yeri gəlmişkən, keçən il ərzində stansiyada 440 milyon kilovat-saata yaxın elektrik enerjisi, 311 min hekakaloridən çox istilik enerjisi istehsalı həyata keçirilib.
Mənbə onu da bildirdi ki, İEM üzrə cari il üçün əsas və köməkçi avadanlıqların texniki-istismar səviyyəsinin yüksəldilməsinə dair tərtib olunan tədbirlər planı genişdir. Belə ki, 2 nömrəli QTQ-nin əsaslı təmiri, pik boylerin qızma səthinin təmizlənərək təzyiq altında yoxlanması, istilik şəbəkə sistemində gedən-qayıdan və əlavə bəsləmə xətlərindəki sərfölçmə qovşaqlarının təftişi, şəbəkə, bəsləmə, həmçinin boyler qurğusunda kondensat nasoslarının təmiri həyata keçiriləcək. Eyni zamanda texniki su, yanğınsöndürmə nasoslarının təftişi və təmiri, dövran kollektorunda qoyulmuş mexaniki süzgəclərin təmizlənməsi, eyni zamanda 110 və 35 kilovoltluq yarımstansiya avadanlıqlarının cari təmirinin aparılması da görüləsi işlər sırasındadır.