DAYANIQLILIQ TƏMİN EDİLİR
Respublikamızın mühüm sənaye mərkəzlərindən olan Sumqayıtın elektrik enerjisi ilə təchizatında dayanıqlılığı və fasiləsizliyi təmin etmək üçün bütün zəruri tədbirlər görülür. Bununla əlaqədar olaraq, cari ilin yanvar-iyul aylarında “Sumqayıt YGEŞ” MMC-nin balans mənsubiyyətində olan elektrik verilişi xətlərində (EVX) və yarımstansiyalarında (YS) məqsədyönlü yenidənqurma və təmir-tikinti işləri aparılıb.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, təmir qrafikinə uyğun olaraq, 330-kV-lik “Yaşma” YS-də 240 MVA-lıq 2 saylı transformator cari təmir edilib, rele-mühafizə avtomatikası yoxlanılıb. Həmin avtotransformatorun (AT) 220 kV-lik boşaldıcıları müasir tipli başaldıcılar ilə əvəz edilib. Bundan başqa yarımstansiyada 2,2 kilometrə yaxın uzunluğunda içməli su xəttinin quraşdırılması da başa çatdırılıb.
Təmir və yenidənqurma işləri 220 kV-lik “Sənaye qovşağı”, 110 kV-lik “136 saylı”, “Ceyranbatan”, “Kimyaçılar”, “Sumqayıt-2”, “Sukfanol”, “83 saylı”, “Sumqayıt-3”, “Şamaxı”, “Ə.Vahid”, “Xəzri” yarımstansilarında da apaılıb və avadanlıqların texniki imkanları daha da yaxşılaşdırılıb.
220 kV-lik “Sənaye qovşağı” YS-də 200 MVA gücündə 1 və 2 saylı avtotransformatorların avadanlıqları əsaslı təmir edilib, sınaqdan keçirilib və rele-avtomatika mühafizəsi yoxlanılıb. Yarımstansiyanın ərazisindəki bina və tikililərin müasir inşaat materialları ilə üzlənməsi davam etdirilir. Görülən iş divarların müxtəlif təbii təsirlərə davamlılığını artırmaqla yanaşı, həm də estetik görünüşü ilə diqqəti cəlb edir.
Müəssisənin balans mənsubiyyətində olan 110 kV-lik yarımstansiyalarda da bəzi avadanlıqlar cari və əsaslı təmir edilib, bəziləri isə tam yeniləri il əvəzlənib. Məsələn, “Ceyranbatan” YS-də yeni 35/6 kV-lik qapalı paylayıcı quruluşun binasının tikintisi başa çatdırılıb və bir sıra yeni avadanlıqlar quraşdırılıb. “Kimyaçılar” YS-də 80 MVA-lıq 1 və 2 saylı avtotransformatorlarda “SERGİ” tipli avtomatik yanğınsöndürmə qurğusu işə qoşulub.
Ümumiyyətlə, şəbəkənin balansındakı 330-110 kV-lik yarımstansiyalarda bütün avadanlıqlar illik plan-qrafik əsasında cari və əsaslı təmir olunub, onların hamısında elektrik sınaq və yoxlama işləri aparılıb.
Elektrik enerjisinin ötürülməsi keyfiyyətinin daha da yaxşılaşdırılması üçün müəssisənin balansındakı elektrik verilişi xətlərində ötən yeddi ayda cari və əsaslı təmir işləri davam etdirilib. Belə ki, 330 kV-lik “Xaçmaz” hava xəttinin (HX) üç, 330 kV-lik “Abşeron” HX-nin beş, 220 kV-lik “Yaşma” HX-nin altı dayağının “vant” troslarının özülləri dəyişdirilib, 110 kV-lik 1-ci “Xırdalan” HX-də dörd dayaqlararası aşırımda naqillər, 3-cü və 4-cü “Sumqayıt” HX-də səkkiz dayaq və həmin dayaqlar arasındakı naqillər, 5-ci “Xırdalan” HX-də isə bir dəmir-beton və bir metal aralıq dayaqlar yenisi ilə əvəz edilib.
Müəssisənin balans mənsubiyyətinə aid olan YS-lərdə və EVX-lərdə mövsümlə əlaqədar olaraq yanğın təhlükəsizliyi tədbirləri yerinə yetirilib. Belə ki, bölmələr üzrə ilin əvvəlində yanğın təhlükəsizliyinə cavabdeh şəxslər təyin edilib və müvafiq əmrlər verilib ki, bunların icrası təmin edilir.
Yarımstansiyaların əraziləri, dayaqların dibi quru otlardan və digər bitkilərdən təmizlənib, yağ tutumlu elektrik avadanlıqlarına baxış keçirilərək, yağın təzyiqi və səviyyəsi normallaşdırılıb, yağ sızmaları aradan qaldırılıb.
Bütün yarımstansiyalarda ilkin yanğınsöndürmə vasitələri, su, köpük təchizatı yoxlanılıb, onların yararlılığı təsdiq edilib. Zəruri hallarda yanğınsöndürmə vasitələri təzələnib. Mülki Müdafiə Qərargahının əmrinə əsasən, cari ilin iyun ayında müəssisə üzrə 3 günlük əks-yanğın təlim məşqi keçirilib.
“Sumqayıt YGEŞ” MMC-nin rəhbərliyi və kollektivi öz imkan və bacarığını qarşıya qoyulmuş mühüm vəzifələrin bundan sonra layiqincə yerinə yetrilməsinə səfərbər edib.