QAYDA POZUNTULARININ QARŞISI ALINIR

Image

 

İstehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, o cümlədən elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində xeyli işlər görülmüş və hazırda da davam etdirilir.

Şabran elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  ötən ilin dekabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 17 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 81,6 min  kilovatsaata yaxın (bunun 40 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 4,8 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin müəyyən hissəsinin ödənişi hesabat ayında təmin edilmişdir.

Qeyd edək ki, ötən ilin 12 ayı ərzində isə 325 qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuşdur. Nəticədə 1 milyon 71,3 min kilovatsaatdan artıq (bunun 804,7 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 64,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 31 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Siyəzən EŞ-dən əldə edilən məlumata görə, ötən ilin dekabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 59 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 193,7 min kilovatsaatdan artıq (bunun 156,3 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 11,6 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 22 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, 2011-ci ilin 12 ayı ərzində isə burada 417 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 1 milyon 205,8 min kilovatsaata yaxın (bunun 886,3 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 72,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 13 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən, hər iki mənbədən əldə etdiyimiz digər məlumata görə, qayda pozuntularından elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmişdir.