QAYDA POZUNTULARININ QARŞISI ALINIR

Image

Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində xeyli işlər görülməsinə baxmayaraq, hələ də sayğac sxeminə müdaxilə halları qalmaqdadır. Bu halların qarşısının alınması istiqamətində mütəmadi olaraq müvafiq tədbirlər davam etdirilir.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Xaçmaz” elektrik şəbəkəsindən daxil olan məlumata görə,  cari ilin noyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 62 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 178,7 min  kilovatsaata yaxın (bunun 124,9 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 10,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin ötən 11 ayı ərzində isə 621 istehlakçının qayda pozması aşkar edilərək akt tərtib olunmuş, 1 milyon 912 min kilovatsaata yaxın (bunun 1 milyon 403,3 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 114,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir.  Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

“Quba” EŞ-dən əldə edilən məlumata görə, cari ilin noyabr ayında burada keçirilmiş reydlər zamanı 155 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 402,7 min kilovatsaatdan artıq (bunun 395,2 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 24,2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd edək ki, cari ilin 11 ayı ərzində isə burada keçirilmiş reydlər zamanı  790-dan artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış, 2 milyon 385,3 min kilovatsaatdan artıq (bunun 1 milyon 960,4 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 143,1 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövründə həmin bu məbləğin 10 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.