AVADANLIQLAR TƏMİR OLUNUR

Image

İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması energetiklərin ən mühüm vəzifələrindən biridir. Digər enerji obyektlərində olduğu kimi “Mingəçevir Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) də mövsümə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, tədbirlər planında nəzərdə tutulmuş işlər əsasən yerinə yetirilmişdir. Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Mingəçevir şəhəri, Bərdə, Yevlax, Tərtər, Ağdam, Ucar, Naftalan və Goranboy inzibati ərazilərində yerləşən elektrik verilişi xətlərində (EVX) və yarımstansiyalarında cari ilin son üç ayı ərzində görülmüş cari və əsaslı təmir işləri barəsində Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə deyilir.

Mənbənin bildirdiyinə görə, sözügedən REŞ üz­rə iyul ayında yarımstansiyalarda xeyli əsaslı və cari təmirlər həyata keçirilib. Belə ki, 220 kV-lik yarımstansiyada 1 ədəd, 110 kV-lik yarımstansiyada isə 9 ədəd eleqaz açarı, o cümlədən hər iki yarımstansiyanın hərəsində isə 1 ədəd güc transformatoru cari təmir olunub. 220 kV-lik yarımstansiyada əlavə olaraq 3 ədəd yağ açarı da cari təmirdən çıxarılıb. 6-10 kV-lik 2 ədəd vakuum açarı da iyul ayında cari təmir olunub.

Bununla yanaşı, 20-35 kV-lik və 6-10 kV-lik yarımstansiyalarda 8 ədəd yağ açarı əsaslı, 9 ədəd isə cari təmir edilərək istismar səviyyəsi yaxşılaşdırılıb.

Mənbəyə istinadən onu da qeyd edək ki, «Mingəçevir REŞ»in balans mənsubiyyətində olan yüksək gərginlikli hava xətlərində də iyulda əsaslı və cari təmir işləri yerinə yetirilib. 330 kV-lik 5-ci “Mingəçevir” hava xəttinin 14 saylı aralıq dayağının vant trosunun «U» şəkilli boltları dəyişdirilib. 110 kV-lik II “Yevlax” hava xəttinin 112 və 140 saylı aralıq dayaqlarında farfor izolyatorların 22 ədədi yenisi ilə əvəz olunub.

Bu proses 110 kV-lik III “Yevlax” hava xəttinin 50, 51 və 55 saylı aralıq dayaqlarında da həyata keçirilib. İzolyatorların 24-ü yenisi ilə əvəz edilib. 110 kV-lik III “Bərdə” hava xəttinin müxtəlif dayaqlarında isə 40 ədəd izolyator yenilənib.

Əsaslı və cari təmirləri yüksək gərginlikli xətt və avadanlıqlar üzrə təmirçilər həyata keçirməkdə davam edirlər.