TƏDBİRLƏR VAXTINDA İCRA EDİLİR
Respublikada fəaliyyət göstərən nəhəng hidroenergetika müəssisələrinin birincisi və ümumi gücü 400 MVt-dan artıq olan “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi”nin ölkə enerjisi sistemində, o cümlədən pik güclərinin artırılmasında özünəməxsus rolu vardır. 1954-cü ildən istismarda olan, Qafqazda analoqu olmayan ən böyük enerji obyektlərindən biri hesab edilən bu enerji obyektində də avadanlıqların iş səmərəliliyinin artırılması məqsədilə bir sıra təmir və texniki təftiş işləri aparılmış, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində isə bir sıra tədbirlər həyata keçirilmişdir.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, energetiklər cari ilin iyul ayında 75,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal ediblər.
Qeyd edək ki, 2015-ci ilin ötən 7 ayında isə burada 233,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
"Enerji istehsalı ilə silsilənin yalnız Mingəçevir Su Elektrik Stansiyası məşğul olub", - deyən mənbə cari ilin son üç ayı ərzində silsilədə aparılan tikinti-quraşdırma işlərinin gedişatı barədə də məlumat vermişdir.
Mənbəyə istinadən qeyd edək ki, sözügedən dövrdə üç hidroaqreqat təmir olunmuşdur. Eyni zamanda maşın zalında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Onu da qeyd edək ki, cari ilin son üç ayı ərzində 110 kV-lik yarımstansiyada bir sira modernləşmə və təmir işləri həyata keçirilmişdir. Belə ki, 1 saylı avtotransformatorun soyutma sistemlərinin nasosları yenisi ilə əvəz edilmiş və burada aşkar edilmiş digər nasazlıqlar da aradan qaldırılmışdır. Bir transformator və bir neçə EVX-nin avadanlıqları təftiş və təmir edilmişdir. Eyni zamanda 110 və 220 kV-lik açıq paylayıcı quruluşda (APQ) ümumilikdə beş kompressor təmir olunmuşdur.