FÜZULİNİN ENERJİ TƏCHİZATINA DİQQƏT ARTIRILIR
Cəbhəyanı bölgədə yerləşən Füzuli rayonu sakinlərinin elektrik enerjisinə tələbatının normal səviyyədə təmin olunması daim diqqət mərkəzindədir.
“Füzuli Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, hazırda xidməti ərazidə işğaldan azad olunmuş 22 kənd və yeni salınmış 17 qəsəbə var. Həmin yaşayış məntəqələri üzrə bu il payız-qış mövsümünə hazırlıq çərçivəsində nəzərdə tutulan bütün işlər plan-qrafikə uyğun olaraq, əsasən icra olunub. Belə ki, 110 kilovoltluq bütün yarımstansiyaların avadanlıqlarında - yağ açarları, gərginlik, eləcə də cərəyan transformatorlarında cari və əsaslı təmir işləri görülüb.
Yeri gəlmişkən, ümumilikdə rayonda 11 ədəd yüksək gərginlikli yarımstansiya var. Bunlardan 2 ədədi 110 kilovoltluq, 9 ədədi isə 35 kV-likdir. Bundan başqa, şəbəkənin xidməti ərazisi üzrə 680 transfoirmator məntəqəsi fəaliyyət göstərir.
Qeyd edək ki, 10-0,4 kilovoltluq xətlərdə cari təmir işləri aparılıb. Zərurət yaranan yerlərdə kabellərin, ayırıcıların, izolyatorların dəyişdirilməsi həyata keçirilib. Rayon ərazisində yeni salınmış Qayıdış və Örənqala qəsəbələrinin elektrik enejisi təchizatı daha yüksək səviyyədədir.
Onu da qeyd edək ki, əksər ərazilərdə uçot işinin düzgün təşkili ilə əlaqədar sayğaclaşdırma aparılması da ümumi vəziyyətə müsbət təsir göstərib. Artıq əvvəlki illərlə müqayisədə sərfiyyat xeyli aşağı düşüb. Bu da həm verilən elektrik enerjisinin keyfiyyətinin yüksəlməsinə, həm də avadanlıqların istismar müddətinin uzanmasına səbəb olub.
Sonda mənbə yaxın perspektiv üçün əsas vəzifələrdən birinin Böyük Bəhmənli, Yağlıvənd, Kərimbəyli, Babı-Ayaqlı kəndlərində istifadə edilən dayaqların daha keyfiyyətliləri ilə əvəzlənməsinin, həmçinin bir sıra ərazilərdə SİP kabellərin çəkilməsinin və smart-kart sayğaclarının quraşdırılmasının ümumi fəaliyyətə daha müsbət təsir göstərəcəyini bildirdi.