AVADANLIQLAR QIŞA HAZIRLANIR
Xidməti ərazilərində daha dayanıqlı elektrik enerjisi təminatının yaradılması məqsədilə “İmişli Regional Elektrik Şəbəkəsi”nin (REŞ) balans mənsubiyyətinə daxil olan elektrik verilişi xətlərində (EVX) və yarımstansiyalarda son aylar ərzində bir sıra sistem əhəmiyyətli təmir-bərpa işləri yerinə yetirilmişdir. Ümumiyyətlə, payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq tədbirlər planı hazırlanıb həyata keçirilir. Tədbirlər planına uyğun olaraq, sistemtəşkiledici 110/35/10 kV-lik “Ağcabədi” yarımstansiyasından çıxan 10 kV-lik “Nizami”, “Rəncbərlilər”, “Məktəb”, “Avtobaza”, “Hüsülü”, “Karyer” hava elektrik verilişi xətlərində, 35/10 kV-lik “Ağcabədi-2” yarımstansiyasından çıxan 10 kV-lik “Şəhər”, “Kökəltmə” hava elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri uğurla başa çatmışdır. Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə deyilir.
Rayonun Qiyamdinli, Rəncbərlilər, Təzəkənd, Poladlı, Avşar, Hüsülü, Qaradolaq, Hindarx, Sarıcalı kəndlərində 0,4 kV-lik enerji daşıyıcılarında da müvafiq təmir-bərpa işlər yerinə yetirilib. Qeyd edək ki, cari ilin 9 ayı ərzində Ağcabədi rayonu üzrə 98 ədəd müxtəlif güclü 10/0,4 kV-lik transformatorlar əsaslı və cari təmir edilərək abonentlərin istifadəsinə verilmişdir.
REŞ-in balans mənsubiyyətinə daxil olan “Füzuli” elektrik şəbəkəsi üzrə də müvafiq təmir işləri həyata keçirilib. “Böyük Haramı” yarımstansiyasından çıxan 6 kV-lik “Hospital”, 35/10 kV-lik “Mahmudlu” yarımstansiyasından çıxan 10 kV-lik “Alxanlı” və “Qəsəbə” hava elktrik verilişi xətlərində icra edilmiş bərpa işləri də bu tədbirlər sırasına aid edilir.
Mənbədən bildirilir ki, rayonun Qazaxlar, Babi, Şükürbəyli, Yağlıvənd, Böyük Bəhmənli, Mahmudlu, Araz Dilağarda kəndlərində və Horadiz şəhəri ərazisindəki 0,4 kV-lik EVX-lərdə ümumilikdə 9 kilometr məsafəyə yaxin hissədə əsaslı və cari təmir işləri yerinə yetirilib.
Bundan əlavə, Füzuli rayonu üzrə 24 ədəd müxtəlif güclü 10/0,4 kV-lik transformatorlar təmir edilərək normal iş rejiminə gətirilib.
Regional şəbəkənin xidməti dairəsinə mənsub olan “Zərdab” elektrik şəbəkəsi də diqqət mərkəzindən kənarda qalmamışdır. Belə ki, burada da 10 kV- lik EVX-lər üzrə yenidənqurma işləri aparılıb. Qeyd edək ki, ümumilikdə 9 kilometrə yaxın hissədə təmir işləri görülüb.
Yenidənqurma işlərinə rayonun Çallı, Gəlmə,Əlvənd, Bıçaqçı, Şıxbağı, Ağabağı, Ağamalılar, Mehtililər kəndlərində və Zərdab şəhəri ərazilərini qidalandıran 0,4 kV-lik EVX-lərdə ümumilikdə 9 kilometrə yaxın məsafədə bərpa işləri aparılıb. Son 9 ay ərzində isə Zərdab rayonu üzrə 20-yə yaxın müxtəlif güclü 10/0,4 kV-lik transformatorlar əsalı və cari təmir edilərək yüksək iş rejiminə gətirilb.
Sonda qeyd edək ki, həyata keçirilən analoji tədbirlər yarımstansiyaların, elektrik verilişi xətlərinin qəzasız və dayanıqlı işləməsi üçün əsaslı zəmin yaradır.