“ASTARA ES”: TƏDBİRLƏR VAXTINDA İCRA EDİLİR

Image

Respublika enerji sisteminin bütün sahələrində olduğu kimi, ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş “Astara elektrik stansiyası”nda (ES) da aqreqatlara növbəti, istismar həddinə uyğun bütün texniki xidmətlər qrafikə uyğun vaxtında göstərilmişdir. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiya işə başladığı gündən qrafikə uyğun olaraq normal iş şəraitində fəaliyyət göstərir və burada cari ilin iyul ayında 15,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki, müəssisə cari ilin 7 ayı ərzində də dispetçer qrafikinə uyğun olaraq cənub bölgəsinin fasiləsiz elektrik enerji ilə təminatında mühüm rol oynamışdır. Belə ki, sözügedən dövr ərzində burada 126,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək göstəricilər əldə edilmişdir.

“Tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, tapşırıqların uğurla yerinə yetirilməsində kollektiv səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər”, – deyən mənbə onu da qeyd etdi ki, son üç ay ərzində iki porşen tipli aqreqatda əsaslı təmir işləri həyata keçirilmiş, üçündə isə növbəti istismar həddinə uyğun texniki qulluq işləri başa çatdırılmışdır.

Mənbəyə istinadən onu da qeyd edək ki, payız-qış mövsümünə hazırlıq tədbirlərinə uyğun olaraq elektrik sexində də avadanlıqlara texniki baxışlar keçirilmiş və müxtəlif təyinatlı təmir işləri görülmüşdür. O cümlədən, güc transformatorlarında, eleqaz açarlarında, ayrıcılarda texniki xidmət işləri aparılmışdır.