REYDLƏR NƏTİCƏ VERİR
Elektrik şəbəkələrinin əməkdaşları tərəfindən keçirilmiş reydlər zamanı elektrik enerjisindən qeyri-qanuni istifadə halları aşkar edildikdə həmin istehlakçılara qarşı qanuna müvafiq tədbirlər görülür..
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Ağcabədi” elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, cari ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 75 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 556,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 33,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
“Füzuli” EŞ-dən əldə edilən məlumata görə, burada cari ilin sentyabr ayı ərzində keçirilmiş reydlər zamanı 3 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 7,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 430 manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin də müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
“Zərdab” EŞ-də isə cari ilin sentyabr ayında keçirilmiş reydlər zamanı 4 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Aktlar üzrə hesabat aparılaraq 8,6 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 717 manatdan çox istehlak dəyəri bərpa edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən müəssisələrin də daxil olduğu “İmişli” REŞ (buraya yuxarıda qeyd edilən müəssisələrlə yanaşı “İmişli”, “Beyləqan”, “Saatlı”, “Sabirabad” və “Kürdəmir” EŞ-ləri də daxildir) üzrə isə cari ilin sentyabr ayında 310 qayda pozuntusu aşkar edilərək 6 milyon 799,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 407,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.