AVADANLIQLARA MÜNTƏZƏM OLARAQ TEXNİKİ QULLUQ GÖSTƏRİLİR
Yeni istifadəyə verilmiş güclər arasında şimal bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində ayrıca yeri olan “Xaçmaz Elektrik Stansiyası” xüsusi rol oynayır. İlk fəaliyyət dövründə olduğu kimi, hazırda da burada işlər öz axarı üzrə inkişaf edir. Enerji obyektindən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata görə, cari ilin sentyabr ayı ərzində stansiya üzrə elektrik enerjisinin istehsalı 26,7 milyon kilovatsaata yaxın olub. Bu da proqnoz göstəricisindən 379 min kilovatsaat çoxdur.
Qeyd edək ki, cari ilin 9 ayı ərzində isə 239 milyon kilovatsaat proqnoza qarşı 244,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Məlumat üçün bildirək ki, son dövrlər qonşu Rusiya dövləti ilə respublikamız arasında olan enerji mübadiləsində də stansiyanın rolu artmaqdadır. Beləliklə, stansiya daxili tələbatı ödəməklə yanaşı, həm də enerji mübadiləsinin real iştirakçısına çevrilir.
Mənbədən o da bildirilir ki, abadlıq işləri ilə yanaşı müəssisədəki avadanlıqlara müntəzəm texniki qulluq da göstərilir. Belə ki, hazırda burada 4, 5, 6 və 7 saylı mühərrik-generatorlarda 16000 saatlıq istismar həddindən sonra növbəti texniki qulluq işlərinin həyata keçirilməsinə başlanılıb və tam keyfiyyəti ilə davam etdirilir.
Qarşıdan gələn qış mövsümünə hazırlıq çərçivəsində icra edilən təmir-bərpa işləri 110 kV-lik yarımstansiyanın avadanlıqlarında, zalların döşəmələrində və açıq havada olan bəzi su borularında aparılmış, mühərrik-aqreqatlar qış rejiminə keçirilmişdir.
Stansiyadan verilən məlumatda yanğın təhlükəsizliyinin normalara uyğun olması da diqqətə çatdırıldı. Belə ki, ərazidə yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi məqsədilə 11 müxtəlif yerdə yanğınsöndürmə avadanlıqları quraşdırılmışdır.