AQREQATLAR DİSPETÇER QRAFİKİNƏ UYĞUN OLARAQ FƏALİYYƏT GÖSTƏRİR

Digər elektrik stansiyalarında olduğu kimi “Bakı Elektrik Stansiyası”nda da aqreqatlarda istismar vəziyyətindən asılı olaraq, qrafikə uyğun növbəti təmir işləri aparılır. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Bakı Elektrik Stansiyası”nda cari ilin iyun ayında 13,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, 2016-cı ilin 6 ayı ərzində bu elektrik stansiyasında 229,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Məlumdur ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində cari ilin 6 ayında stansiyanın digər texniki iqtisadi göstəricilərində də qənaətbaxış nəticələr əldə olunmuşdur.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, cari ilin son üç ayı ərzində sözügedən stansiyada müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümələdən altı aqreqata göstərilən növbəti texniki qulluq işləri başa çatdırılmış və hazırda bir aqreqatda bu işlər davam etdirilir.
Yeri gəlmişkən, enerjitəchizatı müəssisəsinə keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, dispetçer yük qrafikinin uğurla yerinə yetirilməsində stansiya kollektivi səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər.
Mənbəyə istinadən onu da qeyd edək ki, payız-qış mövsümünə hazırlıq tədbirlərinə uyğun olaraq, elektrik sexində də avadanlıqlara texniki baxış keçirilmiş və müxtəlif təyinatlı təmir işləri görülmüşdür. O cümlədən, güc transformatorlarında, eleqaz açarlarında, ayrıcılarda texniki xidmət işləri aparılmışdır.
Digər enerji obyektlərində olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Sexlər, inzibati bina və yardımçı binalar yanğınsöndürmə avadanlıqları ilə təmin olunmuş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir.
Sonda onu da qeyd edək ki, müəssisədə çalışan işçilərin peşəkarlıq qabiliyyətlərinin artırılması məsələsi də diqqət mərkəzində saxlanılır. Eyni zamanda ərazidə abadlıq işləri də vaxtlı-vaxtında yerinə yetirilir.