AVADANLIQLARA TEXNİKİ QULLUQ GÖSTƏRİLİR

Image

Enerjitəchizatı müəssisələrinin elektrik enerjisinə olan tələbatının daha da dayanıqlı və keyfiyyətli şəkildə ödənilməsi məqsədilə həyata keçirilən yenidənqurma və təmir işləri uğurla davam etdirilir.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  “Şəmkir SES Silsiləsi”ndə (SESS) həmişə olduğu kimi cari ilin son üç ayında da avadanlıqlara texniki xidmət hər iki stansiyada yüksək ixtisaslı və bacarıqlı mütəxəssislər tərəfindən aparılmışdır. Xidmətlər yerli və zavod təlimatlarının tələblərində göstərilmiş normada icra olunur. Bütün avadanlıqlar diqqətdə saxlanılır.

Mənbəyə istinadən qeyd edək ki, “Şəmkir” SESS-də cari ilin may ayında ümumilikdə 163,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bunun da 116 milyon kilovatsaatı silsilənin birinci pilləsi sayılan «Şəmkir» SES-də, qalanı isə «Yenikənd» SES-də istehsal edilmişdir.

Qeyd edək ki, cari ilin 5 ayı ərzində silsilənin birinci pilləsi sayılan «Şəmkir» SES-də 361,2 milyon kilovatsaatdan artıq, «Yenikənd» SES-də isə 149,4 milyon kilovatsaata yaxın, ümumilikdə isə silsilə üzrə 510,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

“Digər enerji obyektləri kimi adıçəkilən obyektdə də iş rejimi günün tələblərinə cavab verə biləcək səviyyədədir. Hal-hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir” – deyən mənbə onu da bildirdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Yeri gəlmişkən, silsilədə yaz-yay sel sularının qəbulu və ötürülməsi işləri ilə bağlı hidroaqreqatlarda cari təmir işləri aparılmışdır. Onun nəticəsidir ki, «Şəmkir» SES-də hər birinin gücü 190 MVt  olan iki ədəd aqreqat sel sularının qəbulu və ötürülməsinə tam hazırdır. Həmçinin, « Yenikənd » SES-də olan hər birinin gücü 37,5 MVt-lik dörd ədəd aqreqatın üçündə analoji proseslər həyata keçirilmişdir. Hazırda 2 saylı hidroaqreqatda əsaslı təmir işləri davam etdirilir.

Məlumatda o da bildirilir ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsi olan bütün yerlər diqqətdə saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla tamamilə təmin olunmuşdur.

Sonda onu da qeyd edək ki, qurğu və avadanlıqlar normal işləyir, işçi heyət tərəfindən hər iki stansiyanın fəaliyyəti nəzarətdə saxlanılır.

Xatırladaq ki, Şəmkir Su Elektrik Stansiyaları Silsiləsinin qərb bölgəsinin enerji təchizatında, eyni zamanda pik güclərinin təmin olunmasında özünəməxsus payı və rolu var.