STANSİYA DİSPETÇER QRAFİKİNƏ UYĞUN FƏALİYYƏT GÖSTƏRİR

Image

Ölkənin enerji təhlükəsizliyi üçün yaradılmış təminatlar əsasında generasiya güclərinin daha da artırılması, müasir və mütərəqqi texnologiyalar əsasında inkişaf edən iqtisadiyyatımızın elektrik enerjisi təminatının möhkəmləndirilməsi istiqamətində müstəqilliyimiz dövründə istifadəyə verilmiş alternativ enerji mənbələrindən biri də gücü 25 MVt olan Füzuli Su Elektrik Stansiyasıdır. Digər enerji obyektlərində olduğu kimi burada da mövsümi tədbirlər vaxtlı-vaxtında icra edilir. Bu da öz növbəsində istehsal prosesinin dayanıqlığını daha da artırır və nəticədə texniki–iqtisadi göstəricilərin yaxşılaşmasına kömək edir.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, Füzulu SES-də cari ilin may ayında 4,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Həmişə olduğu kimi cari ilin 5 ayında da əzmkarlıqla çalışdıqlarını, qrafik üzrə avadanlıqlara texniki xidmət göstərildiyini vurğulayan mənbə bildirdi ki, həmin bu dövr ərzində stansiyada 17,4 milyon kilovatsaatdan artıq  elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki, ötən illərdə olduğu kimi, cari ildə də avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir.

Yeri gəlmişkən, stansiya dispetçer qrafikinə uyğun istismar edilir. İstehsal edilən elektrik enerjisi 110 kilovoltluq “Haramı” yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə ötürülür.

Onu da qeyd edək ki, burada da yay mövsümünə hazırlıqla əlaqədar olaraq yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Stansiyadaxili yanğınsöndürmə su xətləri və nasosxana, həmçinin avtomatik yanğınsöndürmə sistemləri saz vəziyyətə gətirilmiş, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar aradan qaldırılır.

Xatırladaq ki, Füzuli Su Elektrik Stansiyası pik güclərinin artırılması istiqamətində atılan addımlardan biri olmaqla yanaşı, bu bölgənin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin sabit işləməsinin təmin edilməsində rolu böyükdür.