QRAFİK ÜZRƏ NƏZƏRDƏ TUTULAN İŞLƏR BAŞA ÇATIB
Dövlət müstəqilliyinin bərpasından sonra iqtisadiyyatımızın elektrik enerjisi təminatının möhkəmləndirilməsi istiqamətində yenidən qurularaq istismara verilmiş elektrik stansiyalarından biri də “Bakı İstilik Elektrik Mərkəzi”dir.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, dispetçer qrafikinə uyğun olaraq cari ilin 7 ayı ərzində 298,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində digər texniki-iqtisadi göstəricilər üzrə də yüksək göstəricilərə nail olunub.
Qeyd edək ki, müəssisədə cari ilin iyul ayında 43 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
“Mövsümə hazırlıq tədbirləri davam etdirilir”, – deyən mənbə cari ilin son üç ayı ərzində həyata keçirilmiş təmir-tikinti işləri barəsində onu bildirdi ki, 1 saylı Qaz Turbin Qurğusunda (QTQ) sazlama işləri həyata keçirilmişdir. Eyni zamanda 1 saylı QTQ-nin qaz xəttində və digər avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri görülmüşdür.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, 2 saylı QTQ-də təmir işlərinə start verilmiş və hazırda bu işlər davam etdirilir. Ümumiyyətlə, cari ili son üç ayı ərzində pik boylerdə, qaz-turbin qurğularının avadanlıqlarında, mazut təsərrüfatının su, buxar və yanğın xətlərində, kompressor təsərrüfatında, dəniz suyu xətlərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Bütün bunlarla yanaşı 110 kV-lik yarımstansiyanın da ərazisində müxtəlif təyinatlı təmir işləri aparılmış və transformator təftiş edilmişdir. Eyni zamanda elektrik mühərriklərində və digər köməkçi avadanlıqlarda da təmir işləri yerinə yetirilmişdir. Aparılan işlərin siyahısı ümumilikdə kifayət qədər zəngindir. Xatırladaq ki, “Bakı” İEM-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz-turbin qurğusu fəaliyyət göstərir.