TEXNİKİ GÖSTƏRİCİLƏR DAHA DA YAXŞILAŞDIRILIR
Digər enerji təsərrüfatlarında olduğu kimi, “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”ndə də (YGEŞ) texniki göstəricilərin daha da yaxşılaşdırılması istiqamətində konkret addımlar atılır. Bu məqsədlə tərtib edilmiş təmir qrafikinə uyğun nəzərdə tutulmuş işlər əsasən yerinə yetirilmişdir.
Bütün elektrik energetika müəssisələrində olduğu kimi, Sumqayıt YGEŞ-in əmək kollektivi də enerji təchizatı müəsissəsinin daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün səylə çalışır. Hər birimiz üzərimizə düşən vəzifənin məsuliyyətini yaxşı dərk edirik. Gündən-günə inkişaf edən iqtisadiyyatımızın elektrik enerjisinə olan tələbatının artdığı bir vaxtda sistem əhəmiyyətli yarımstansiyaların, yüksək gərginlikli elektrik verilişi xətlərinin daim saz vəziyyətdə olması vacibdir. Ötən illərdə olduğu kimi cari ildə də görülmüş işlər təqdirəlayiqdir.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, cari ilin son üç ayı ərzində “Sumqayıt” YGEŞ-in balans mənsubiyyətinə aid olan, Azərbaycan və Rusiya enerjisistemlərinin paralel rejimdə işləməsində əhəmiyyətli rola malik olan 330 kilovoltluq (kV) "Yaşma" yarımstansiyasında 330 kV-luq IV bölmədə bir neçə eleqaz açarı, eyni zamanda 220 kV-luq “Yaşma” hava xəttinin (HX) eleqaz açarları və onların elektrik avadanlıqları təmir və sınaq edilmişdir. Paralel olaraq rele mühafizəsi və avtomatika (RMA) qurğuları da yoxlanılmışdır. Bütün bunlarla yanaşı, içməli su xəttinin müəyyən hissəsi və yarımstansiyanın hasarı da təmir edilmişdir. Ümumilikdə obyektdə müasir texnologiyaların tələblərinə cavab verən avadanlıqlara nəzarətin gücləndirilməsi sistemdə enerjinin ötürülməsinin dayanıqlığının daha da artmasına müsbət təsirini göstərir.
Mənbədən daxil olan digər məlumatda o da bildirlir ki, hesabat dövründə 220 kV- luq “Sənaye Qovşağı” yarımstansiyasında 220 kV- luq dolayı eleqaz açarı (DEA), 1-ci “Zabrat”, “Yaşma” HX-lərinin eleqaz açarları və onların elektrik avadanlıqları təmir və sınaq edilmiş, rele mühafizəsi, avtomatikası yoxlanılmışdır. Analoji işlər 110 kV-luq dolayı şin sistemində, 110 kV- luq “DEA”, 2-ci “Sənaye Qovşağı”, 110 kV-luq 1-ci “Xırdalan”, 1-ci “Sumqayıt” HX-lərində də həyata keçirilmişdir. Yarımstansiyanın 10/0,4 kV-luq 2x1000 kVA xüsusi sərfiyyat transformatorları və onların elektrik avadanlıqları təmir və sınaq edilmiş, rele mühafizəsi, avtomatikası yoxlanılmışdır. Eyni zamanda yanğınsöndürmə maşınlarının yerlə əlaqələndirilməsi üçün hər birinin gücü 200 MVA olan 1 və 2 saylı avtotransformatorların yaxınlığında yerlə əlaqələndirici quraşdırılmışdır. Bütün bunlarla yanaşı qapalı paylayıcı quruluşun (QPQ) və yardımçı təsərrüfat binalarının da təmir işləri yerinə yetirilmiş və bu işlər hazırda davam etdirilir.
Qeyd edək ki, həmin bu dövrdə təmir qrafikinə uyğun olaraq YGEŞ-in balans mənsubiyyətinə aid olan 110 kV- luq “Sumqayıt-3”, “Sumqayıt-2”, “135 saylı”, “Görədil”, “Masazır” və digər bir neçə yarımstansiyada da təmir işləri görülmüşdür. Bütün bunlarla yanaşı, həmin bu dövr ərzində 110 kV-luq “Sumqayıt-3” yarımstansiyasında yanğınsöndürmə siqnalizasiya qurğusu tamamilə yenidən qurulmuşdur.
Hava xətləri üzrə görülən işlərə gəldikdə isə mənbə onu da bildirdi ki, balans mənsubiyyətinə daxil olan EVX-lərinə vaxtında texniki baxış keçirilir, mövcud olan hər hansı nasazlıqlar yerindəcə aradan qaldırılır. 330 kV-luq 1-ci, 8-ci “Abşeron”, 220 kV- luq “Yaşma”, 7-ci “Abşeron”, 110 kV- luq 1-ci, 5-ci “Sumqayıt” və digər hava elektrik verilişi xətləri bu qəbildən olan enerji obyektləridir. Belə ki, adıçəkilən EVX-lərin dayanıqlığının daha da artırılması məqsədilə burada müxtəlif təyinatlı yenidənqurma və təmir-bərpa işləri yerinə yetirilmişdir.
Yeri gəlmişkən, iqlim şəraiti ilə bağlı Planlaşdırılmış Tədbirlərə uyğun olaraq müəssisədə təmir işləri ilə yanaşı yanğına qarşı tədbirlər də vaxtında və keyfiyyətlə yerinə yetirilib. Belə ki, bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış, ərazi quru otlardan təmizlənmişdir.