TƏMİR İŞLƏRİ VAXTINDA VƏ KEYFİYYƏTLƏ YERİNƏ YETİRİLİR
“Respublikanın sosial-iqtisadi həyatının bütün sahələrində olduğu kimi, elektroenergetika sahəsində də yenilənmə işləri uğurla davam edir. “Sumqayıt Yüksəkgərginlikli Elektrik Şəbəkəsi” MMC-nin balansındakı yarımstansiyalardan elektrik enerjisi ilə təchiz edilən şəhər və qəsəbələrin, sənaye obyektlərinin inkişafının ildən-ilə artdığı nəzərə alınaraq, əsas yarımstansiyalarda olan transformatorların bəziləri daha güclüləri ilə, köhnə tipli yağ açarları müasir, zamanın tələblərinə cavab verən eleqaz, vakuum açarlarla əvəz edilib. Mövsümi tədbirlər planına, həmçinin illik plan-qrafikə əsasən bütün işlər ardıcıllıqla, vaxtında və keyfiyyətlə yerinə yetirilib”, – deyən “Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsinin məsul işçisinin Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə verdiyi məlumata görə, cari ilin son üç ayı ərzində sözügedən müəssisənin xidməti ərazisində, o cümlədən şəhərətrafı YGEŞR üzrə bir sıra tədbirlər reallaşdırılmışdır.
Görülən işlərə nümunə olaraq, 500 kV-luq 2-ci “Abşeron” hava xəttinə (HX) yuxarıdan baxış keçirməklə xətt armaturlarının dəyişdirilməsi, bir aralıq dayaqda ildırımötürücü trosun təmiri, bir anker dayaqda izolyatorun yenilənməsi və digər işlər göstərilə bilər. Həmin bu dövrdə YGEŞ-in xidməti ərazisində olan 330 kV-luq 1-ci “Abşeron” HX-nin bir dayağında ilgək (şleyf) və bir neçə dayaqlar arası naqillər təmir edilmiş, izolyatorlar yenilənmiş və digər işlər görülmüşdür.
Qeyd edək ki, analoji təmir işləri 330 kV-luq 8-ci “Abşeron” HX-nin iki, “Xaçmaz” HX-nin ondan artıq, 220 kV-luq 2-ci “Zabrat” HX-nin dörd dayağında da həyata keçirilmişdir. Müəssisənin balans mənsubiyyətinə aid olan 110 kV-luq 3-cü və 7-ci “Sumqayıt”, 1-ci və 2-ci “Sənaye Qovşağı”, “Ceyranbatan” və digər bir neçə HX-lərdə xeyli sayda dayaqlararası aşırımda naqillərin dəyişdirilməsi və eyni zamanda həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri enerjinin ötürülməsi sisteminin dayanıqlığını daha da möhkəmləndirmişdir.
110 kV-luq 1-ci “Xırdalan” HX-nin dayaqlar arası 44 aşırımında naqillərin yenilənməsi işlərinə başlanılmış və bu işlər hesabat dövründə də davam etdirilmişdir. Ümumiyyətlə, hazırda işlərin 60 faizə yaxın hissəsi yekunlaşdırılmışdır.
Onu da qeyd etmək yerinə düşərdi ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzində saxlanılır. Belə ki, müəssisənin bütün struktur bölmələrində könüllü yanğın dəstələri yaradılmış və yanğına qarşı qəza məşqləri keçirilmişdir.
Yarımstansiyaların ərazisi və EVX-lərin dayaqlarının ətrafı qurumuş otlardan, trassası isə yaşıl kütlədən təmizlənmişdir. Yaz-yay mövsümü ilə əlaqədar bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış və normal səviyyəyə gətirilmişdir. Eyni zamanda yağ tutumlu avadanlıqların alt hissəsindəki yağlı çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir. İldırımlı mövsümlə əlaqədar tədbirlər planı hazırlanmış və digər qabaqlayıcı tədbirlər də görülmüşdür.
Sonda onu da qeyd edək ki, enerji təchizatının dayanıqlığının təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir.
Xatırladaq ki, təməli 1964-cü ildə qoyulmuş “Sumqayıt Yüksəkgərginlikli Elektrik Şəbəkəsi” Sumqayıt regionu ilə paralel olaraq, ölkəmizin şimal bölgəsinə, Abşeron yarımadasının bir hissəsinə, eləcə də Şamaxı-Qobustan (Mərəzə) rayonlarına elektrik enerjisinin ötürülməsini həyata keçirir.