İSTEHSAL DİSPETÇER QRAFİKİNƏ UYĞUN APARILIR

Image

Dövlət Başçısının diqqət və qayğısı sayəsində  ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş "Şahdağ Elektrik Stansiyası” (ES) respublikamızın şimal bölgəsinin elektrik enerjisinə olan tələbatının daha dolğun şəkildə təmin olunmasında “Xaçmaz Elektrik Stansiya”sı ilə yanaşı  böyük əhəmiyyət kəsb etmişdir. Həmçinin, bu generasiya gücü bölgədə mövcud olan turizm potensialından daha səmərəli istifadə edilməsi üçün münbit infrastrukturun yaradılmasına yönəlib, eyni zamanda bölgənin sosial-iqtisadi inkişafı baxımından da mühüm rola malikdir.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, elektrik stansiyasında porşen tipli mühərriklərdən ibarət olan aqreqatlarda nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun həmişə olduğu kimi son üç ay ərzində də vaxtında göstərilmişdir. O cümlədən, növbəti istismar həddinə uyğun olaraq 6 aqreqatda texniki qulluq işləri aparılmışdır.

Mənbə onu da bildirdi ki, "Şahdağ" ES-də cari ilin aprel ayında 15,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki, 2016-cı ilin ötən 4 ayı ərzində isə bu stansiyada 104,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalı üzrə digər texniki göstəricilərdə də sözügedən dövrlərdə müsbət nailiyyətlər əldə edilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, generatorların  hamısı normal iş rejimində, ümumiyyətlə stansiya dispetçer qrafikinə uyğun fəaliyyət göstərir.

Sonda onu da qeyd edək ki, digər enerji obyektlərində olduğu kimi, burada da yay mövsümünə hazırlıqla əlaqədar olaraq yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Bununla əlaqədar olaraq, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar belə aradan qaldırılır.

Xatırladaq ki, ümumi gücü 105 MVt olan “Şahdağ Elektrik Stansiyası” 12 ədəd porşen tipli aqreqatdan ibarətdir.