STANSİYA YENİLƏNİR

Image

“Mingəçevir Su Elektrik Stansiyası” (SES) fəaliyyətə başladığı 60 il ərzində milyardlarla kilovat-saat elektrik enerjisi istehsal etmişdir. Bu illər ərzində stansiyanın qurğu və avadanlıqları köhnəldiyinə və nəzərdə tutulan istismar müddətini başa vurduğuna görə dəyişdirilib.

Respublikamız müstəqillik qazandıqdan sonra, stansiyanın ikinci yeniləşmə dövrü başlamışdır. Ümummilli Lider digər sahələrdə olduğu kimi, elektrik enerjisi sisteminin inkişafına da xüsusi diqqət yetirmişdir. Ulu Öndər “Elektrik enerjisi sahəsi Azərbaycanın sosial problemlərinin həll olunmasında xüsusi rol oynayır” deməklə, respublika iqtisadiyyatının möhkəmləndirilməsində elektroenergetikanın xüsusi rolunu qeyd etmişdir. Bunun nəticəsidir ki, Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə respublikamızın ən böyük su elektrik stansiyasının – “Mingəçevir SES”in yenilənməsi və gücünün artırılması üçün müvafiq addımlar atılmışdır. O cümlədən,  enerji istehsalı sahələri ilə yanaşı Mingəçevir SES-in yenidənqurulması və təzələnməsi, istehsal gücünün artırılması istiqamətində məqsədyönlü işlər həyata keçirilmişdir.

Ölkə prezidenti İlham Əliyev də son illər ərzində “Mingəçevir SES”in yenilənməsi istiqamətində mühüm addımlar atmışdır. Müvafiq Dövlət Proqramlarında stansiyanın səmərəli fəaliyyətini artırmaq üçün Mingəçevir SES-in daha da genişlənməsi və inkişafı istiqamətində işlər irəli sürülmuşdür və icrası uğurla həyata keçirilir.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Mingəçevir SES”dən daxil olan məlumatda qeyd edilir ki, müasir zamanın tələbinə uyğun olaraq, Mingəçevir SES-də  yenidənqurma işləri müasir texnologiyaların tətbiqi ilə davam etdirilir. Bunun bariz nümunəsi, yenicə istismara qoşulmuş 110 kV-luq Açıq Paylayıcı Quruluşdur (APQ). Bu APQ yeni idarəetmə mərkəzindən idarə olunur.

Qeyd edək ki,  “Mingəçevir SES”in  əsaslı şəkildə müasirləşməsi və yenidən qurulması üçün  “Azərenerji” ASC-nin rəhbərliyi və onun müvafiq qurumları zəruri olan qurğu və avadanlıqları dünyanın elektik avadanlıqları istehsal edən müxtəlif şirkətlərindən sifariş əsasında alaraq gətirmişlər.

Yeri gəlmişkən onu da qeyd edək ki, bütün tikinti və quraşdırma, sınaq və sazlama işləri “Azenco” ASC tərəfindən aparılmışdır. Eyni zamanda, stansiya binasının daxilində də yenidənqurma işləri aparılmışdır. Bütün bunlarla yanaşı, iki ədəd hidroaqreqat dəyişdirilmişdir.

Mənbə onu da qeyd edir ki,  220 kV-luq APQ-də quraşdırma və sınaq işləri başa çatdırılmışdır. Hazırda sazlama prosesi gedir və yaxın vaxtlarda istismara veriləcəkdir.

330 kV-luq APQ-də isə tikinti davam edir. “Azenco” ASC-nin kollektivi  bu işləri həyata keçirir. Lazım olan digər avadanlıqlar isə Sumqayıt  Texnologiyalar Parkından (STP) alınır. Tikintidə bütün işlər mərhələli şəkildə görülür. Çünki SES-in istismarda olması yenidənqurma işlərinin müəyyən ardıcıllıqla, qrafik üzrə görülməsini zəruri edir.