İSTEHSAL TƏLƏBATA UYĞUN APARILIR
Dövlət müstəqilliyinin bərpasından sonra iqtisadiyyatımızın elektrik enerjisi təminatının möhkəmləndirilməsi istiqamətində yenidən qurularaq istismara verilmiş elektrik stansiyalarından biri də “Bakı İstilik Elektrik Mərkəzi”dir (İEM). Bu stansiya enerjitəchizatı müəssisəsinin elektrik enerjisi tələbatının təmin olunmasında özünəməxsus rol oynayır. Avadanlıqların istismarı və işlərin mövcud normativ tələblər əsasında aparılması stansiyanın dayanıqlığını daha da artırır. Bu da öz növbəsində texniki iqtisadi göstəricilərin daha da yaxşılaşmasına kömək edir. Hazırda burada sutka ərzində təxminən 1,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilir. Əlavə tələbat yaranacağı halda, bu həcmin daha da artırılması imkanları mövcuddur. Stansiya dispetçer qrafikinə uyğun iş rejimində fəaliyyətini davam etdirir.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Bakı İEM”də cari ilin aprel ayında 40,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, müəssisədə 2016-cı ilin ötən 4 ayı ərzində isə 178,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Yeri gəlmişkən, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Mənbəyə istinadən onu da qeyd edək ki, digər müəssisələr kimi burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğın su çəni, nasos qurğusu, su kəməri şəbəkəsi və digər avadanlıqlar yoxlanılmış, aşkar edilmiş qüsurlar aradan qaldırılmış və daimi nəzarətdə saxlanılır. Eyni zamanda təzyiqi düşmüş yanğın öd söndürənlər yenisi ilə əvəzlənmişdir. Bütün bunlarla yanaşı işçilərə əks-qəza təlimləri keçirilir.
Xatırladaq ki, ümumi gücü 107 MVt olan “Bakı” İEM-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz-turbin qurğusu fəaliyyət göstərir.