“ABŞERON REŞ”: MÜVAFİQ TƏDBİRLƏR DAVAM ETDİRİLİR
Ölkəmizin enerji sistemində həyata keçirilən məqsədyönlü tədbirlər, yeni texnologiyaların tətbiqi ilə aparılan quruculuq işləri istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmağa imkan verir. Texniki-iqtisadi göstəricilərin səviyyəsinin yüksəldilməsinə, o cümlədən elektrik enerjisinin dayanıqlı ötürülməsini təmin etmək üçün nəzərdə tutulan texniki tədbirlər cari ilin son üç ayında da davam etdirilmişdir. Bütün elektrik energetika müəssisələrində olduğu kimi “Abşeron Regional Elektrik Şəbəkəsi”nin (REŞ) əmək kollektivi də qarşıya qoyulmuş vəzifələri vaxtında və layiqincə yerinə yetirmək üçün səylə çalışır. Belə ki, sözügedən REŞ-in balans mənsubiyyətinə aid olan yarımstansiyalarda təmir işləri təsdiq edilmiş qrafik üzrə keyfiyyətlə yerinə yetirilmişdir. Hazırda təmir-bərpa və yenidənqurma işləri davam etdirilir.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə cari ilin son 3 ayı ərzində həyata keçirilmiş tədbirlər barədə daxil olan məlumatda bildirilir ki, şəbəkənin xidməti ərazisində bir sıra enerji obyektlərində sistem əhəmiyyətli yenidənqurma və təmir-bərpa işləri həyata keçirilmişdir.
Belə ki, 500 kV-lik “Abşeron” yarımstansiyasında 220 kV-lik açıq paylayıcı quruluşda (APQ) “Ağsu” hava elektrik verilişi xəttinin (HEVX) yuvasında işlər davam etdirilmiş, o cümlədən HEVX-nin yüksək gərginlikli yüksək tezlikli avadanlığının dolayı eleqaz açarı (DEA) quraşdırılmışdır. Eyni zamanda 2 saylı 800 MVA-lıq avtotransformatorun “B” fazası ehtiyat faza ilə əvəz edilərək yoxlanılmış və işə qoşulmuşdur. Bütün bunlarla yanaşı həmin bu dövrdə yarımstansiyada 220 kV-lik açarların siqnallarının idarəetmə panelinə verilməsi və 220 kV-lik dolayı şin sisteminin gərginlik transformatorunun 2-ci tərəf dövrələrinin quraşdırılması işləri də həyata keçirilmişdir.
Qeyd edək ki, hesabat dövründə şəhərin mərkəzi hissəsinin enerjitəchizatını həyata keçirən 220 kV-lik “Müşviq” yarımstansiyasında 220 kV-lik 6-cı “Abşeron” HEVX-nin mühafizə panellərinin yeri dəyişdirilmiş, 220 kV-lik “Səngəçal” yarımstansiyasında isə 110 kV-lik 1 və 2 saylı “Qızıldaş” HEVX-nin siqnal dövrələri idarəetmə panelinə köçürülmüşdür. Eyni zamanda 110 kV-lik “Ramana” yarımstansiyasında 2 və 3 saylı transformatorların giriş yağ açarları 35 kV-lik vakuum açarlı yuva ilə əvəz edilmişdir.
Digər təmir-bərpa və yenidənqurma işlərindən danışan mənbə onu da vurğuladı ki, həmin bu dövrdə 110 kV-lik “Puta”, 220 kV-lik “Xırdalan” yarımstansiyalarında da müvafiq işlər həyata keçirilmişdir.
Mənbədən o da bildirilir ki, mövcud hava şəraitinin mənfi fəsadları nəzərə alınaraq qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Məsələn, müvafiq su hovuzları su ilə doldurulur, köpük əmələ gətirən maddələr çənlərə qablaşdırılaraq saxlanılır. Bundan əlavə, yağ tutumlu avadanlıqların yağ sızmalarının qarşısı vaxtında alınır, yanğın əleyhinə tədbirlər görülür. Şəbəkə rayonlarında növbətçi heyətin yanğına qarşı hazırlığını artırmaq məqsədilə xüsusi təlimlər keçirilir.
Hazırda analoji tədbirlərin davam etdirildiyini bildirən mənbə onu da vurğuladı ki, bütün bunlar yarımstansiyaların, elektrik verilişi xətlərinin qəzasız və dayanıqlı işləməsi üçün əsaslı zəmin yaradır.