“GÖYÇAY” KSES: TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR QƏNAƏTBƏXŞDİR
Hazırda alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsi məsələsi bütün dünyanın diqqət mərkəzindədir. Bu məsələ qlobal ekoloji problemlərin aradan qaldırılması, ətraf mühitin qorunması baxımından xüsusilə aktualdır. Mütəxəssislərin apardığı araşdırmalar təsdiqləmişdir ki, müxtəlif bölgələrdə dağ çayları və suvarma kanalları üzərində yüzlərlə kiçik su elektrik stansiyasının tikintisini həyata keçirmək mümkündür. Bu tipli su elektrik stansiyaları bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə, digər tərəfdən isə ətraf mühitin sağlamlaşdırılmasına imkan verir. Həmin enerji qurğularından biri də gücü 3,1 meqavat olan "Göyçay-1" kiçik su elektrik stansiyasıdır (KSES).
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, "Göyçay-1" KSES-də cari ilin mart ayında 400 min kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, 2016-cı ilin I rübündə isə burada 746 min kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Onu da bildirək ki, kiçik çaylarda SES-lərin tikintisi davam etdirilir. Gücü 1,5 meqavat olan “Balakən-1” kiçik su elektrik stansiyası istismara tam hazırdır və bu stansiyada test rejimində elektrik enerjisi istehsal edilir. Gücü 1,6 meqavat olan “İsmayıllı-2”, gücü 0,3 meqavat olan “Astara-1”, ümumi gücü 3,6 meqavat olan “Oğuz” su elektrik stansiyalarının tikintisi başa çatmaq üzrədir.
Yeri gəlmişkən, Azərbaycanda ilk su elektrik stansiyası hələ 1880-ci illərin əvvəlində Gədəbəyin Qalakənd kəndində Şəmkirçayın üzərində Simens qardaşları tərəfindən misəritmə zavodunu elektrik enerjisi ilə təmin etmək məqsədilə tikilmişdir.
Xatırladaq ki, Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində tikilmiş bu stansiya ildə 20 milyon kilovatsaat elektrik enerjisi istehsal etməyə imkan verir. Bu isə Göyçay rayonunun tələbatının 25 faizini təşkil edir. Stansiyanın ərazisi 5 hektardır. Burada hər birinin gücü 1,03 meqavat olan üç hidroaqreqat, suqəbuledici və tutumu 4500 kubmetr olan təzyiq hovuzu, hər birinin uzunluğu 28,4 metr olan üç dəmir-beton təzyiq qurğusu quraşdırılmışdır. Burada, həmçinin turbin zalı və su nəqledici kanal yaradılmış, 10 kilovoltluq yarımstansiya tikilmiş və elektrik ötürücü xətlər çəkilmişdir.