TEXNİKİ XİDMƏT DİQQƏT MƏRKƏZİNDƏDİR
Ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş, 12 aqreqatdan ibarət olan, ümumi gücü 105 MVt təşkil edən “Bakı Elektrik Stansiyası”nda (ES) aqreqatlarda planlı təmir–sazlama işləri texniki xidmət qrafikinə uyğun aparılır. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Baklı ES”də cari ilin mart ayında 41 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, cari ilin I rübü ərzində isə stansiyada istehsal edilmiş elektrik enerjisinin həcmi 138 milyon kilovatsaata yaxın təşkil etmişdir.
Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki-istehsalat göstəriciləri üzrə də yüksək nəticələr əldə edilmişdir.
“Tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, tapşırıqların uğurla yerinə yetirilməsində kollektiv səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edir”, – deyən mənbə onu da qeyd etdi ki, təmir işləri stansıyanın təmir briqadası tərəfindən aparılır.
Onu da qeyd etmək yerinə düşərdi ki, son üç ay ərzində stansiyada yeddi aqreqatda növbəti istismar həddinə uyğun texniki xidmət işləri aparılmışdır. Eyni zamanda generatorlarda da təmir işləri həyata keçirilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, stansiyanın elektrik avadanlıqlarına da texniki baxışlar keçirilmiş və 110 kV-lik yarımstansiya avadanlıqlarında cari təmir işləri aparılmışdır.
Yanğın təhlükəsizliyi məsələsinin, abadlıq işlərinin də daima diqqət mərkəzində saxlanıldığını deyən mənbə əlavə etdi ki, sexlər, inzibati bina və yardımçı binalarda yanğınsöndürmə avadanlıqları təftiş olunmuş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir.