STANSİYA DİSPETÇER QRAFİKİNƏ UYĞUN FƏALİYYƏT GÖSTƏRİR
Ölkənin enerji təhlükəsizliyi üçün yaradılmış təminatlar əsasında generasiya güclərinin daha da artırılması, müasir və mütərəqqi texnologiyalar əsasında inkişaf edən iqtisadiyyatımızın elektrik enerjisi təminatının möhkəmləndirilməsi istiqamətində müstəqilliyimiz dövründə istifadəyə verimiş alternativ enerji mənbələrindən biri də gücü 25 MVt olan “Füzuli Su Elektrik Stansiyası”dır. Digər enerji obyektlərində olduğu kimi burada da mövsümi tədbirlər vaxtlı-vaxtında icra edilir. Bu da öz növbəsində istehsal prosesinin dayanıqlığını daha da artırır və nəticədə texniki–iqtisadi göstəricilərin daha da yaxşılaşmasına kömək edir.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada cari ilin 7 ayı ərzində 23,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. O cümlədən, elektrik enerjisi istehsalı 2015-ci ilin iyul ayında isə 4,4 milyon kilovatsaata yaxın olmuşdur.
Qeyd edək ki, ötən illərdə olduğu kimi, cari ilin 7 ayında da stansiyada elektrik enerji istehsalının digər texniki göstəricilərində yüksək nəticələr əldə edilmişdir.
Yeri gəlmişkən, stansiya dispetçer qrafikinə uyğun istismar edilir. İstehsal edilən elektrik enerjisi 110 kilovoltluq “Haramı” yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə ötürülür.
Mənbə onu da bildirdi ki, cari ilin son üç ayı ərzində 110 kV-lik yarımstansiyada bir sira modernləşmə və təmir işləri həyata keçirilmişdir. Eyni zamanda üç hidroaqreqatda da müxtəlif təyinatlı təmir işləri görülmüşdür. Bütün bunlarla yanaşı sözügedən dövrdə cari işlər də yerinə yetirilmişdir.