İSTİSMAR DİSPETÇER QRAFİKİNƏ UYĞUN APARILIR

Image

Generasiya gücləri arasında məxsusi yeri olan “Səngəçal Elektrik Stansiyası” dispetçer qrafikinə uyğun şəkildə istismar edilir. Elektrik stansiyasında porşen tipli mühərriklərdən ibarət olan aqreqatlara bütün texniki xidmətlər qrafikə uyğun olaraq, vaxtında göstərilmiş və bunun nəticəsində texniki iqitisadi göstəricilər yüksək olmuşdur.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Səngəçal Elektrik Stansiyası”nda 2016-cı ilin iyun ayında 82,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki, cari ilin I yarımilliyi ərzində isə burada istehsal olunan elektrik enerjisinin həcmi 560,3 milyon kilovatsaata yaxın təşkil etmişdir.

Onu da bildirək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Mənbə onu da bildirdi ki, elektrik stansiyasında bütün işlər günün tələbləri səviyyəsində qurulub. Bu enerji müəssisəsində istismar edilən aqreqatların işləmə rejiminə uyğun olaraq, hər maşının 500 saatlıq iş müddəti başa çatdıqdan sonra onlara texniki baxış keçirilir. Bu zaman, istismar dövründə meydana çıxan qüsurlu hallar operativ şəkildə aradan qaldırılır və bir daha təkrar baxışdan sonra yenidən istismara buraxılır.

Yeri gəlmişkən, cari ilin son üç ayı ərzində burada fəaliyyətdə olan aqreqatlarin bir neçəsinə növbəti istismar həddinə uyğun olaraq texniki xidmət göstərilmiş, köməkçi avadanlıqlarda cari təmir işləri aparılmışdır.

Digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar müntəzəm olaraq stansiyanın və yarımstansiyanın ərazisi quru otlardan təmizlənmiş, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmişdir. Eyni zamanda qrafikə uyğun olaraq, yanğın texniki-minimum və əks qəza məşqləri də keçirilmişdir.

Xatırladaq ki, ümumi gücü 300 meqavat olan “Səngəçal Elektrik Stansiyası” 18 aqreqatdan ibarətdir.