“TAXTAKÖRPÜ SES”: TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR QƏNAƏTBƏXŞDİR

Image

Dövlət başçımızın düşünülmüş, uzaqgörən siyasəti nəticəsində elektrik stansiyalarının müxtəlif bölgələrdə inşa edilməsi enerjisistemin səmərəlilik göstəricilərini yüksəltməklə yanaşı, həmin bölgələrin sosial-iqtisadi inkişafına da güclü təsir göstərmişdir. Mövcud istehsal respublikamızın tələbatını tam həcmdə ödəməklə yanaşı, qonşu ölkələrə də elektrik enerjisi ixrac etməyə imkan verir.

Ölkədə istehsal edilən elektrik enerjisinin 95 faizdən artıq hissəsi istilik elektrik stansiyalarının, qalan hissəsi isə su elektrik stansiyalarının payına düşür.

Hazırda alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsi məsələsi bütün dünyanın diqqət mərkəzindədir. Bu məsələ qlobal ekoloji problemlərin aradan qaldırılması, ətraf mühitin qorunması baxımından xüsusilə aktualdır. Ölkəmizdə bərpa olunan enerji mənbəyi kimi ilk növbədə hidroenergetikanın inkişafı, o cümlədən kiçik  su elektrik stansiyalarının tikilməsi və yenidən qurulması prioritet təşkil edir.

Dövlət Başçımızın rəhbərliyi altında ötən illərdə bir neçə su elektrik stansiyası istismara verilmişdir ki, onlardan biri də ümumi gücü 25 meqavat olan, üç hidroaqreqat quraşdırılmış  “Taxtakörpü Su Elektrik Stansiyası”dır.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki,  “Taxtakörpü Su Elektrik Stansiyası”nda cari ilin iyun ayında 6,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Bu da 2015-ci ilin müvafiq dövründəki istehsaldan 2,2 milyon kilovatsaat çoxdur.

Mənbəyə istinadən qeyd edək ki, 2016-cı ilin I yarımilliyi ərzində bu elektrik stansiyasında 18,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Bu da ötən ilin müvafiq dövründəki istehsaldan 3,6 milyon kilovatsaat artıqdır.

“Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin ikinci rübündə elektrik stansiyasının avadanlıqlarında cari təmir işləri aparılmışdır.

Onu da qeyd etmək yerinə düşərdi ki, kiçik çaylar üzərində SES-lərin tikintisi davam etdirilir. Məlum olduğu kimi, artıq ölkə Prezidenti Möhtərəm İlham Əliyevin iştirakı ilə  gücü 1 MVt olan “Qusar-1”, gücü 1,6 MVt olan “İsmayıllı-1”, ümumi gücü 3,1 MVt olan “Göyçay” kiçik su elektrik stansiyaları işə salınmışdır. Gücü 1,5 meqavat olan “Balakən-1” və gücü 1,6 meqavat olan “İsmayıllı-2” kiçik su elektrik stansiyasıları istismara tam hazırdır və bu stansiyalarda test rejimində elektrik enerjisi istehsal edilir. Gücü 0,3 meqavat olan “Astara-1”, ümumi gücü 3,6 meqavat olan “Oğuz” su elektrik stansiyalarının tikintisi isə başa çatmaq üzrədir.

Xatırladaq ki, Azərbaycanda ilk su elektrik stansiyası hələ 1880-ci illərin əvvəlində Gədəbəyin Qalakənd kəndində Şəmkirçayın üzərində Simens qardaşları tərəfindən misəritmə zavodunu elektrik enerjisi ilə təmin etmək məqsədilə tikilmişdir.