Məqsədyönlü tədbirlər davam etdirilir

Image

Bakı şəhəri, Bakıətrafı kəndlər və ümumilikdə Abşeron yarımadasının elektrik enerjisi təchizatının həyata keçirilməsində “Abşeron Regional Elektrik Şəbəkəsi”nin (REŞ) özünəməxsus yeri və rolu var. Bütün enerji obyektlərində olduğu kimi, burada da avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylanması sistemlərinin sabit və dayanıqlı işləməsi, istismar səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra əsaslı təmir və texniki təftiş işləri uğurla həyata keçirilmişdir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə “Abşeron REŞ”də cari ilin son 3 ayı ərzində həyata keçirilmiş tədbirlər barədə daxil olan məlumatda bildirilir ki, şəbəkəinin xidməti ərazisində yerləşən bir sıra enerji obyektlərində sistem əhəmiyyətli yenidənqurma və təmir-bərpa işləri həyata keçirilmişdir. Belə ki, 500 kV-lik “Abşeron” yarımstansiyasında 3 saylı avtotransformatorun yeni 10 kilovotluq qapalı paylayıcı quruluşunun (QPQ) tikintisi davam etdirilmişdir. Eyni zamanda həmin bu yarımstansiyada 220 kV-lik açıq paylayıcı quruluşda (APQ) 220 kV “Ağsu” hava xəttinin (HX) avadanlıqlarının ikinci tərəf dövrəsinin kabelləri quraşdırılmış və yoxlanmışdır.

Bütün bunlarla yanaşı 2 saylı avtotransformatorun soyutma sisteminin avtomatikası və 220 kV-lik şinlərarası eleqaz açarının mühafizələri də yoxlanılmışdır. “Sistem əks-qəza avtomatikasının müasir mikroprosessor texnologiyası əsasında modernləşdirilməsini nəzərdə tutan layihə üzrə işlər davam edir”, – deyən mənbə qeyd etdi ki, şəhərin mərkəzi hissəsinin enerjitəchizatını həyata keçirən 220 kV-lik “Müşviq” yarımstansiyasında “PEC-3” qurğusu yoxlanılmış və işçi vəziyyətinə gətirilmişdir. Eyni zamanda burada həcmi 150 kub metr olan yeni yeraltı yanğinsöndürmə su hovuzunun tikintisinə başlanılmışdır.

“Təmir-təftiş işləri “Abşeron REŞ”in balans mənsubiyyətinə aid olan digər enerji obyektlərində də həyata keçirilmişdir”, – deyən mənbə onu da bildirdi ki, həmin bu dövrdə 220 kV-lik “Səngəçal” yarımstansiyasında 110 kV-lik 1-ci “Terminal” hava xəttinin (HX) mühafizələri, 220 kV-lik “Hövsan” yarımstansiyasında 110 kV-lik 1-ci “Hava Limanı” HX-nin şin və xətt ayrıcılarının idarəetmə dövrələri də yoxlanılmışdır.

Mənbədən o da bildirilir ki, mövcud hava şəraitinin mənfi fəsadları nəzərə alınaraq qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Məsələn, müvafiq su hovuzları su ilə doldurulur, köpük əmələ gətirən maddələr çənlərə qablaşdırılaraq saxlanılır. Bundan əlavə, yağ tutumlu avadanlıqlarda yağ sızmalarının qarşısı vaxtında alınır, yanğın əleyhinə tədbirlər görülür. Şəbəkə rayonlarında növbətçi heyətin yanğına qarşı hazırlığını artırmaq məqsədilə xüsusi təlimlər keçirilir.

Hazırda analoji tədbirlərin davam etdirildiyini bildirən mənbə onu da vurğuladı ki, bütün bunlar yarımstansiyaların, elektrik verilişi xətlərinin qəzasız və dayanıqlı işləməsi üçün əsaslı zəmin yaradır.