Təmir kampaniyası davam edir

Bütün enerji obyektlərində olduğu kimi, Cənub bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan “Şirvan Regional Elektrik Şəbəkəsi”nin (REŞ) xidməti ərazisində yerləşən bütün yarımstansiyalarda da iş səmərəliyinin artırılması, enerjinin ötürülməsi sisteminin sabit və dayanıqlı işləməsi, istismar səviyyəsinin yüksəldilməsi məqsədilə, son üç ay ərzində bir sıra əsaslı təmir və texniki təftiş işləri aparılmış və uğurla davam etdirilmişdir. Hazırda mövsümə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən görülmüş təmir işləri barəsində Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Şirvan REŞ”in xidməti ərazisində keyfiyyətli elektrik enerji təchizatının təminatı məqsədilə 330 kV-lik 3-cü “Şirvan” hava xəttinin (HX) 8 kilometri əsaslı təmir edilmiş, 300-dən artıq izolyator yenisi ilə əvəz edilmişdir. Eyni zamanda 330 kV-lik “Cənub” və 3-cü “İmişli” HX-lərdə də təmir işləri aparılmış, ümumilikdə bu xətlərin 13,5 kilometri təmir edilmiş, 440-a yaxın izolyator dəyişdirilmiş və bir ədəd xətt armaturu quraşdırılmışdır.
Analoji təmir işlərinin müəssisənin balans mənsubiyyətinə aid olan 220 kV-lik elektrik verilişi xətlərində də həyata keçirildiyini, həmin xətlərin 6 kilometrinin əsaslı təmir edildiyi və 205-dən artıq izolyatorun dəyişdirildiyini bildirən mənbə onu da vurğuladı ki, müxtəlif təyinatlı təmir işləri 110 kV-lik HX-lərdə də aparılmışdır. Belə ki, 110 kV-lik 1-ci “Qazıməmməd” hava xəttinin 6 kilometri əsaslı təmir edilmiş, 180 ədəd izolyator isə yenisi ilə əvəzlənmişdir. 3-cü “Sabirabad” HX-nin “Muğan-1” budaqlanmasında 1,5 kilometr xətt əsaslı təmir edilmiş, iki ədəd xətt armaturu quraşdırılmış və 80-dən artıq izolyator dəyişdirilmişdir. Ümumiyyətlə, müəssisənin balans mənsubiyyətinə aid olan, gərginliyi 110 kV-lik HX-lərin həmin bu dövrdə 42 kilometrə yaxın xətt əsaslı təmir edilmiş, 1350-dən artıq izolyator yenisi ilə əvəz edilmiş və 20-dən çox xətt armaturu quraşdırılmışdır.
Sonda onu da qeyd edək ki, digər enerji obyektlərində olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzində saxlanılır. Belə ki, müəssisənin bütün struktur bölmələrində könüllü yanğın dəstələri yaradılmış və yanğına qarşı qəza məşqləri keçirilmişdir. EVX-lərin dayaqlarının ətrafı qurumuş otlardan, trassası isə yaşıl kütlədən təmişlənmişdir. Eyni zamanda digər qabaqlayıcı tədbirlər də görülmüşdür.