ŞIRVAN REŞ-DƏ DƏ TƏMİR KAMPANİYASI DAVAM EDİR

Image

Cənub bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan “Şirvan Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) texniki  göstəricilərin daha da dayanıqlı vəziyyətdə fəaliyyətinin təmin edilməsi, o cümlədən payız-qış mövsümünə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən sözügedən REŞ-in xidməti ərazilərində yerləşən elektrik verilişi xətlərində və yarımstansiyalarında  cari ilin  son üç ayı ərzində görülmüş təmir işləri barəsində Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən dövrdə balans mənsubiyyətinə aid olan 330 KV-lik III  “Şirvan” elektrik verilişi xəttinin (EVX) 6 kilometri əsaslı təmir edilmiş, 70-ə yaxın isə izolyator yenisi ilə əvəz edilmişdir. Eyni zamanda sözügedən dövrdə 330 KV-lik 3-cü İmişli, 6-cı Cənub, 230 KV-lik Parsabad, 220 KV-lik 3-cü Masallı və digər bir neçə 220 KV-lik HX-lərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən həmin bu xətlərin ümumilikdə 8,6 kilometri təmir olunmuş, 370-dən artıq izolyator yenisi ilə əvəzlənmiş və 20-yə yaxın xətt armaturu quraşdırılmışdır.

Qeyd edək ki, analoji təmir işləri 110 KV-lik EVX-lərdə də aparılmış və burada sözügedən dövr ərzində 55 kilometrə yaxın xətt əsaslı təmir edilmiş, 1000-ə yaxın izolyator və 10 ədəd xətt armaturu yenisi ilə əvəz edilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə isə, təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan yarımstansiyalardan da yan ötməmişdir. Belə ki, sözügedən dövrdə 330 KV-lik İmişli yarımstansiyasında hər birinin gücü 240 MVA olan  1 və 2 saylı avtotransformator, 110 və 330 KV-lik eleqaz (EQ) açarları, 110 KV-lik Xalac, 4-cü İmişli, 1-ci Biləsuvar hava xətlərinin (HX) EQ açarları və digər avadanlıqlar təmir olunmuşdur.

Onu da qeyd edək ki, analoji təmir işləri 330 KV-lik Ağcabədi, 220 və 110 KV-lik Masallı, 110 KV-lik Bəhrəmtəpə yarımstansiyalarda da aparılmışdır.

Mənbədən onu da bildirdilər ki, yarımstansiya xidmətinin işçiləri tərəfindən digər bir neçə 110 KV-lik yarımstansiyalarda da müxtəlif gücdə olan transformatorlar və onların avadanlıqları təmir edilərək saz vəziyyətə gətirilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, digər enerji obyektlərində olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Belə ki, müəssisənin bütün struktur bölmələrində könüllü yanğın dəstələri yaradılmış və yanğına qarşı qəza məşqləri keçirilmişdir. YS-lərdə yağ tutumlu elektrik avadanlıqlarına baxış keçirilərək yağların təzyiqi normallaşdırılmış, avadanlıqlarda yağ sızmaları aradan qaldırılmışdır. EVX-lərin trassası yaşıl kütlədən təmizlənmişdir.

Sonda mənbə qeyd etdi ki, yaxın gələcəkdə enerjisistemin  dayanıqlığının daha da artırılması məqsədilə şəbəkənin balansında olan digər müxtəlif güclü yarımstansiya və EVX-lərin də yenidənqurma və əsaslı təmiri  nəzərdə tutulub.