Təmir işləri davam etdirilir
Bütün enerji obyektlərində olduğu kimi “Abşeron Regional Elektrik Şəbəkəsi”nin xidməti ərazisində yerləşən bütün yarımstansiyalarda və elektrikötürücü xətlərdə mövsümə hazırlıq işləri başa çatmışdır. Avadanlıqların iş səmərəliyinin artırılması məqsədilə müəyyən əsaslı təmir və texniki təftiş işləri aparılmış, enerjinin ötürülməsi sisteminin sabit və dayanıqlı işləməsi, istismar səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. O cümlədən, cari ilin son üç ayı ərzində 110 kV-lik “Binə” yarımstansiyasında 1 saylı 16 MVA transformatorun 110 kV-lik yağ açarı eleqaz açarla əvəz edilmiş, 2 saylı 10 MVA transformatorun isə mühafizə və idarəetmə dövrələri yoxlanılmışdır.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə “Abşeron REŞ”in xidməti ərazisində cari ilin son 3 ayı ərzində həyata keçirilmiş tədbirlər barədə daxil olan məlumatda o bildirilir ki, hesabat dövründə 110 kV-lik “Ramana” yarımstansiyasında 2-ci, 3-cü və 4-cü “Ramana” hava xətlərinin (HX) xətt ayrıcılarında yeni idarəetmə intiqalları quraşdırılmış, qoşma və açma dövrələri yoxlanılmışdır. Eyni zamanda 110 kV-lik “Binə” yarımstansiyasında 110 kV-lik I və II bölmələrdə yeni gərginlik transformatorları quraşdırılmış, 110 kV-lik “Qala” və 220 kV-lik “Xırdalan” yarımstansiyalarında isə 110 kV-lik II şin sistemində gərginlik tranformatorları dəyişdirilmişdir. Bütün bunlarla yanaşı 220 kV-lik “Nizami” və 110 kV-lik “Suraxanı” yarımstansiyalarında da müəyyən xətlərin mühafizə və idarəetmə dövrələri yoxlanılmışdır.
500 kV 2-ci “Abşeron” və 330 kV 1-ci “Abşeron”, 6-cı “Cənub”, 220 kV 4-cü, 5-ci, 6-cı “Abşeron”, 4-cü, 5-ci “Cənub” və 110 kV 1-ci, 2-ci “Binəqədi”, 110 kV 7-ci “Səngəçal”, 1-ci, 2-ci “Xırdalan” HX-lərin dayanıqlığının daha da artırılması məqsədilə həmin bu dövrdə həyata keçirilən işlərdən məlumat verən mənbə onu da vurğuladı ki, xətlərdə titrəyiş söndürücüləri quraşdırılmış, torpaqlama konturları bərpa olunmuş, məftillər şuntlama üsulu ilə təmir olunmuş, dartma izolyator zəncirlərində sınıq izolyatorlar dəyişdirilmişdir. Dayaqlarda zədələnmiş xətt armaturları dəyişdirilmiş, metal dayaqlarda künclüklər bərpa olunmuş, məftillərin qabaritləri, xətt armaturları və mühafizə trosunun dayağa bağlanma nöqtələri yoxlanılmışdır.
Mənbəyə istinadən onu da qeyd edək ki, müəssisənin xidməti ərazisində həmin bu dövrdə təmir qrafikinə uyğun əsaslı və cari təmir 110 kV-lik 2-ci “Ələt”, 4-cü “Ramana”, 2-ci “Zığ”, 2-ci “Şimal”, 220 kV-lik “Ağsu”, 2-ci və 3-cü “Hövsan” HX-lərindən də yan keçməmişdir. Buraya izolyatorların və ya dartıcı izolyator zəncirlərinin dəyişdirilməsi, ildırımötürücü trosların təmir olunması və digər işlər daxildir.