Mövsümə hazırlıq uğurla yerinə yetirilir

Hazırda enerjisistemdə mövcud olan və yeni yaradılmış potensial generasiya gücləri ilə yanaşı, vacib məsələlərdən biri də istehsal olunan elektrik enerjisinin vaxtında və keyfiyyətli şəkildə tələbatçılara çatdırılmasıdır. Bu məsələnin həllində elektrik verilişi xətləri və yarımstansiyaların normal fəaliyyət göstərmələri mühüm rol oynayır. 35 kilovoltluq və ondan yuxarı gərginlikli hava xətləri və eyni gücə malik yarımstansiyalar üzrə nəzərdə tutulan tədbirlər əsasən yerinə yetirilmişdir.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Cənub bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan “Şirvan Regional Elektrik Şəbəkəsi”nin texniki göstəricilərinin daha da dayanıqlı vəziyyətdə fəaliyyətinin təmin edilməsi məqsədilə cari ilin II rübü ərzində yarımstansiylarda həyata keçirilmiş yenidənqurma və təmir tikinti işləri barəsində Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, sözügedən dövrdə xidməti ərazidə olan hava elektrik verilişi xətlərinin 61 kilometri əsaslı təmir edilmiş, 2000-ə yaxın izolyator dəyişdirilmiş, 25 xətt armaturu isə yenisi ilə əvəz edilmişdir.
Mənbəyə istinadən onu da qeyd edək ki, həmin bu dövrdə “Sirvan” REŞ-in balans mənsubiyyətinə aid olan 330/230/110/35/10 kV-luq “İmişli” yarımstansiyasında 1 və 2 saylı 40 MVA avtotransformator, 330 kV-lik 4, 5, 6 saylı eleqaz açarları, 3 saylı 250 MVA avtotransformatorun 230 kV giriş eleqaz açarı, 1 və 2 saylı avtotransformatorların 110 kV giriş eleqaz açarları və digər bir neçə avadanlığın eleqaz açarları təmir edilmişdir.
Müxtəlif təyinatlı təmir işlərinin 330/110/10 kV-lik “Ağcabədi”, 110/35/6 KV-lik “Salyan”, “Ələt, “Cənub”, “ Masallı”, “Astara” və daha bir neçə yarımstansiyada həyata keçirildiyini bildirən mənbənin sözlərinə görə, cari ilin son üç ayı ərzində “Şirvan” REŞ-in xidməti ərazisində ümumilikdə, müxtəlif gərginlikdə və gücdə olan 20-dən artıq transformator, 60-dan çox yağ, vakuum və eleqaz açarı təmir edilərək normal iş rejiminə gətirilmiş, şin sisteminin xeyli sayda ayrıcısı və boşaldıcısı yenisi ilə dəyişdirilmişdir.
Digər təmir işləri barəsində məlumat verən mənbə onu da bildirdi ki, mövcud iqlim şəraitində yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzində saxlanılır. Belə ki, xidməti ərazidə olan yarımstansiyaların, transformator məntəqələrinin ərazisi quru otlardan, yağ töküntülərindən təmizlənmiş, transformatorların, yağ qəbuledici qurğuların yağ ötürən hissələri yoxlanılmış, çınqıl örtüyü yenisi ilə əvəz edimişdir. Bunlardan əlavə yanğınsöndürmə vasitələrinin texniki vəziyyəti təkrarən yoxlanılmışdır. Yay mövsümü ilə əlaqədar bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış və normal səviyyəyə gətirilmişdir. Eyni zamanda digər qabaqlayıcı tədbirlər də görülmüşdür
Yeri gəlmişkən, görüləcək işlərdən söz açan mənbə mal-material və texniki cəhətdən heç bir problemləri olmadığını bildirdi.