Azərbaycan öz köməyini əsirgəmədi

Image

Məlum olduğu kimi ötən gün Rusiya Federasiyasının Sverdlovski vilayətində yerləşən gücü 3800 meqavat olan “Reftinski” Dövlət Rayon Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində Sibir enerjisistemi şəbəkədən açılmış, enerjissitemdə güc çatışmamazlığı yaranmışdır. Nəticədə 600 mindən çox əhali, həmin ərazidə olan sənaye müəssisələri elektrik enerjisiz qalmışdır.

Azərenerji” ASC-nin Mərkəzi Dispetçer idarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki,  Rusiya Federasiyasının enerjisistemində baş vermiş sistem qəzası zamanı Azərbaycan öz köməyini əsirgəməmişdir. Belə ki, Rusiya Sistem Operatorunun müraciəti əsasında ölkə enerjisisteminin ehtiyat gücü hesabına qəza baş verən andan başlayaraq, qəzanın fəsadları aradan qaldırılana kimi qonşu ölkəyə fasiləsiz olaraq  200 meqavat gücündə enerjinin ötürülməsi təmin edilmişdir.

Yeri gəlmişkən, hazırda dünyada elektrik energetikası sahəsinin yeni inkişaf meylləri özünü göstərməkdədir ki, bu da hər bir ölkənin təkcə yaxın müddətdə deyil, həm də gələcək onilliklərdə dayanıqlı və keyfiyyətli enerji təchizatı üçün mühüm əhəmiyyətli qərarlar qəbul edilməsi zərurəti ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin ölkə rəhbərliyi dövründə bu sahədə verilən qərarlar respublikamızın hazırkı müstəqil elektrik enerjisi sisteminin formalaşmasını təmin etmişdir.

Cənab Prezidentin həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində Azərbaycanın elektrik enerjisi sistemində son 13 il ərzində ümumi gücü 2300 MVt-dan artıq olan iyirmiyə yaxın yeni elektrik stansiyası istismara verilmişdir. Eyni zamanda, 10 min kilometrdən artıq elektrik verilişi xətti, çoxlu sayda yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur.

Əldə edilən uğurlar respublikanın elektrik enerjisi sisteminin dayanıqlığını və təhlükəsizliyini daha da möhkəmləndirmiş və Azərbaycanın regionda elektrik enerjisinin ixracı üzrə mühüm ölkəyə çevrilməsinə imkan vermişdir. Ümumiyyətlə, görülmüş məqsədyönlü işlərin nəticəsidir ki, mövcud istehsal respublikamızın tələbatını tam həcmdə ödəməklə yanaşı, qonşu ölkələrə də elektrik enerjisi ixrac etməyə imkan verir.