Yarımilliyə yekun vurulub

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, Respublikamızda elektrik enerjisinin yüksək gərginlikli xətlər və yarımstansiyalar vasitəsilə enerjitəchizatı müəssisəsinə ötürülməsində «Gəncə REŞ» MMC-nin kollektivi də səylə çalışır. Onlar istehsal edilən enerjinin fasiləsiz, dayanıqlı və keyfiyyətli ötürülməsi üçün hər il payız-qış mövsümünə dair tərtib olunan tədbirlər qrafikinə ciddi əməl edirlər.
Yarımstansiyalarda olan avadanlıqlar, habelə yüksək gərginlikli xətlər vaxtaşırı yoxlanılır, bu zaman qarşıya çıxan qüsurlar aradan qaldırılır. Avadanlıqların daha dayanıqlı işini təmin etmək məqsədilə onlara texniki xidmətin keyfiyyəti yüksəldilir.
Müəssisənin kollektivi cari ilin birinci yarısını uğurlu göstəricilərlə yekunlaşdırıb. Belə ki, 500/330/110 kV-lik bütün yarımstansiya və eyni gərginlikli xətlərdə, habelə xətlərin ayrı-ayrı qollarında cari və əsaslı təmir işləri aparılıb, yayın qızmar çağlarına baxmayaraq, təmir briqadaları üzərlərinə düşən vəzifəni əzmkarlıqla yerinə yetiriblər. 500/330/110 kV-lik «Samux», 330/110/10 kV-lik «Gəncə», «Ağstafa», «Gəncə Alüminium Zavodu» yarımstansiyalarında, habelə 110/35/10 kV-lik «Gəncə-2», «Zəyəm» və «Alabaşlı» yarımstansiyalarında, o cümlədən bu yarımstansiyalardan istiqamətlənən «Girzan», «Ağstafa», «Qoşqarçay», «Alabaşlı», «Daşkəsən-7», «Gədəbəy», «Seyidkənd» və digər hava xətlərində müvafiq tədbirlər həyata keçiriblər.
«Samux» yarımstansiyasında 500 kV-lik «Samux-1» hava xəttinin, «Samux-Qardaban», «Şəmkir-3», «Mingəçevir-4» hava xətlərinin avadanlıqları, eleqaz açarları, ayırıcılar cari təmir olunub. Yeni mühafizə kabelləri çəkilib. 167 MVA-lıq avtotransformator, onun 330 kV-lik eleqaz açarı və cərəyan transformatoru, 630 kVA-lıq əsas, 400 kVA-lıq ehtiyatda olan xüsusi sərfiyyat transformatorları cari təmirdən çıxarılıb.
«Gəncə» yarımstansiyasında 110 kV-lik ikinci şinlər sisteminin və 330 kV-lik dolayı şinlər sisteminin gərginlik transformatorları dəyişdirilib. Analoji proses «Samux-3», «Ağstafa-4» yarımstansiyalarında da həyata keçirilib. Şinlər sisteminin gərginlik transformatoru, 330 kV-lik dolayı şinlər sistemi, 1-2-ci «Kür», 1-2-6-cı «Gəncə», 1-ci «Yenikənd», «Şəmkir» və «Goranboy» hava xətlərinin eleqaz açarları, cərəyan transformatorları və xətt ayırıcıları cari təmir edilib. 200 MVA gücündə avtotransformator da cari təmirdən çıxarılaraq istifadəyə verilib.
110 kV-lik 2-ci «Şəmkir» hava xəttində, 1-ci «Gəncə» hava xəttində və 2-ci «Gəncə» hava xəttinin Kürəkçay qolunda naqil dəyişdirilib. Həmçinin müxtəlif istiqamətli hava xətlərində isə 2700-dən artıq izolyator dəyişdirilib.
«Gəncə REŞ» MMC-nin xidməti obyektlərində təmir qrafikinin yerinə yetirilməsi uğurla davam etdirilir.