Yenidənqurma işləri davam etdirilir

Image

“Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi”ndə avadanlıqların iş səmərəliliyinin artırılması məqsədilə bir sıra təmir və texniki təftiş işləri aparılmış, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində isə bir sıra tədbirlər həyata keçirilmişdir. Yenidənqurmanın tamamilə başa çatması üçün ölkə rəhbərliyi tərəfindən bu gün də müvafiq addımlar atılır və silsilədə bu istiqamətdə işlər davam etdirilir.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, “Mingəçevir” SES-də cari ilin iyul ayında 70,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki, 2016-cı ilin ötən 7 ayında isə “Mingəçevir SES”-də 308,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehsaldan 75,7 milyon kilovatsaat çoxdur.

"Enerji istehsalı ilə silsilənin yalnız “Mingəçevir Su Elektrik Stansiyası” məşğul olub", - deyən mənbə cari ilin son üç ayı ərzində silsilədə aparılan tikinti-quraşdırma işlərinin gedişatı barədə də məlumat vermişdir.

Mənbəyə istinadən qeyd edək ki, həmin bu dövrdə iki hidroaqreqatın yenidənqurulması işləri davam etdirilmiş, bir hidroaqreqat isə əsaslı təmir olunmuşdur.  Eyni zamanda işdə olan digər hidroaqreqatlarda cədvəl üzrə nəzərdə tutulmuş müxtəlif təyinatlı təmir işləri də həyata keçirilmişdir. Bütün bunlarla yanaşı, “Varvara” SES-də isə yenidənqurma işləri davam etdirilir.

Mənbə onu da bidirdi ki, silsilədə yanğın təhlükəsizliyinə qarşı bir sıra tədbirlər həyata keçirilib:  bütün yanğın kranları yoxlanılaraq tam işçi vəziyyətə gətirilmişdir. Yarımstansiya və avtotransformatorların əraziləri quru otlardan təmizlənmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, yenidənqurma işləri nəticəsində bu stansiyalarda 90 MVt əlavə generasiya gücü əldə ediləcəkdir.