Yeddi ayın göstəriciləri

Dövlət Başçısının şəxsi təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış Dövlət Proqramlarının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatının potensial qüdrəti getdikcə artmaqdadır. İqtisadiyyatın sürətlə inkişafı onun hərəkətverici qüvvəsi olan elektrik enerjisi sistemində də böyük nailiyyətlərin əldə olunmasına geniş imkanlar yaratmışdır. Ölkəmizin elektrik enerjisi təhlükəsizliyi ilə bağlı həyata keçirilmiş tədbirlər texniki-iqtisadi göstəricilərə müsbət təsir göstərmişdir.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Azərbaycan İES”dən daxil olan məlumata görə, bu ilin iyul ayı ərzində stansiyada enerji bloklarının və avadanlıqların dayanıqlı və fasiləsiz işinin təmin olunması məqsədilə nəzərdə tutulmuş profilaktiki yoxlamalar aparılıb. Mütəxəssislər dördüncü enerji blokunda əsaslı təmiri başa çatdırıb, yeddinci enerji blokunda isə təmir işlərinə başlayıblar.
Stansiyadan bu barədə məlumat verərkən bildiriblər ki, cari ilin yeddi ayı, o cümlədən iyul ayı üçün texniki-iqtisadi göstəricilər üzrə proqnozlar tam həcmdə yerinə yetirilmişdir. Belə ki, 2016-cı ilin 7 ayı ərzində elektrik enerjisinin faktiki istehsalı 3,4 milyard kilovat-saatdan artıq, o cümlədən iyul ayında 636,9 milyon kilovat-saata yaxın təşkil edib.
Hazırda stansiyada sutka ərzində dispetçer yük qrafikinə uygun olaraq, 22-23 milyon kilovat-saat elektrik enerjisi istehsal olunur.
“Şəmkir SES Silsiləsi”ndən əldə etdiyimiz məlunatda isə bildirilir ki, hidroaqreqatlara və avadanlıqlara normal texniki qulluğun nəticəsidir ki, sözügedən müəssisənin kollektivi müntəzəm olaraq aylıq proqnoza artıqlaması ilə əməl edir. Bu ilin 7 ayı ərzində “Şəmkir SES”-də 545,4 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. “Yenikənd SES”-də 216,4 milyon kilovat-saat, yeni fəaliyyətə başlayan “Şəmkirçay SES”-də isə 19,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilərək, enerjisistemə ötürülüb.
Ümumilikdə silsilə üzrə 783,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Müəssisə əməkçiləri bu aylar ərzində elektrik enerjisinin xüsusi sərfiyyatında xeyli qənaətə də nail olublar.
Onu da bildirək ki, hər iki stansiya üzrə təmir-bərpa işləri “Azərenerji” ASC-nin təsdiq etdiyi 2016-cı ilin plan-qrafikləri üzrə aparılır. Stansiyalarda olan hidroaqreqatlar və digər köməkçi avadanlıqlar saz vəziyyətdə işləyir. Bununla yanaşı, avadanlıqlarda, qurğularda təmir işləri və profilaktiki yoxlamalar davam etdirilir. Müəssisədə yaz-yay sel sularının qəbulu və ötürülməsi uğurla başa çatdırılıb.