“BAKI” İEM: TEXNİKİ XİDMƏT İŞLƏRİ YERİNƏ YETİRİLMİŞDİR

Image

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki,digər enerji obyektlərində olduğu kimi, “Bakı” İstilik Elektrik Mərkəzində (İEM) də mövsümi tədbirlər vaxtlı-vaxtında icra edilir. Bu da öz növbəsində istehsal prosesinin dayanıqlığını və nəticədə texniki–iqtisadi göstəricilərin daha da yaxşılaşmasına kömək edir. Belə ki, “Bakı” İstilik Elektrik Mərkəzində dispetçer qrafikinə uyğun olaraq cari ilin oktyabr ayında 38,7 milyon kilovatsaatdan artıq  elektrik enerjisi istehsal edilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki istehsaldan 8,9 milyon kilovatsaat artıqdır.

2016-cı ilin 10 ayı ərzində bu istilik elektrik mərkəzində 383,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehsaldan 123,5 milyon kilovatsaat artıqdır.

Avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Digər enerji obyektlərində olduğu kimi, “Bakı” İstilik Elektrik Mərkəzində də mövsümə hazırlıq tədbirləri davam etdirilir. 2016-cı ilin son üç ayı ərzində qrafik üzrə müəyyən olunmuş texniki xidmət işləri başa çatdırılmış, 1 saylı Qaz-Turbin Qurğusunun idarəetmə prosesində yaranmış nasazlıqlar aradan qaldırılmışdır.

Tədbirlər planında nəzərdə tutulmuş digər işlər də qrafikə uyğun davam etdirilir.

 

Ümumi gücü 107 MVt olan “Bakı” İstilik Elektrik Mərkəzi 2000-ci ildə istismara verilmiş və 2 ədəd qaz turbin qurğusundan ibarətdir.