TƏMİR-BƏRPA İŞLƏRİ QRAFİKƏ UYĞUN APARILIR

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, digər energetika müəssisələrində olduğu kimi “Gəncə Regional Elektrik Şəbəkəsi”nin (REŞ) xidməti ərazisində də istismar səviyyəsinin daha da yaxşılaşdırılması, dayanıqlığın artırılması istiqamətində görülən işlər cari ilin son dörd ayında da davam etdirilmişdir. O cümlədən, 500/330/10 kilovotluq (kV) “Samux” yarımstansiyasında 330 kV şin ayrıcısının eleqaz açarı (ŞAEA), 3-cü Şəmkir, 1-ci Alüminiumzavod hava xəttinin (HX) avadanlıqları, 330 kV-lik 3-cü Samux və 4-cü Mingəçevir HX-nin 1-ci sistem şinində olan şin ayrıcıları və digər bir neçə xəttin şin ayrıcıları təmir olunmuşdur. Bu dövrdə 110/35/6 kV Gəncə-1 yarımstansiyasında hər birinin gücü 31.5 MVA olan 2 və 3 saylı transformator əsaslı təmir olunmuşdur. 110 kV-lik 3-cü, 5-ci, 6-cı və 7-ci Gəncə HX-nin eleqaz açarları və cərəyan transformatorları, 35 kV-lik 2-ci Göygöl kabel xəttinin isə yağ açarı təmir olunmuşdur. Eyni zamanda gücü 250 kVa olan 2 saylı xüsusi sərfiyyat transformatorunun yağ açarı isə vakum açar ilə əvəz olunmuşdur.
Elektrik Enerjisinin Ötürülməsi İdarəsinə istinadən qeyd edək ki, bu dövr ərzində 330/110/10 kV GAZ, 330/110/10 kV Gəncə, 330/110/10 kV Ağstafa, 110/35/10 kV Alabaşlı və digər bir neçə yarımstansiyalarda da müxtəlif təyinatlı təmir işləri həyata keçirilərək onların dayanıqlığı daha da yüksəldilmişdir.
Bütün bunlarla yanaşı bu dövrdə “Gəncə” REŞ-in 110 kV-lik və ondan yuxarı gərginlikli hava elektrik verilişi xətlərində (HEVX) də yenidənqurma və təmir işləri aparılmışdır. Ümumilikdə, müxtəlif gərginlikli elektrik verilişi xətlərində 500 metrə yaxın naqil dəyişdirilmiş və 2800-dən artıq izolyator isə yenisi ilə əvəzlənmişdir.
Məlumatda sadalanan tədbirlərin yerinə yetirilməsini enerji təsərrüfatlarının daha da dayanıqlı fəaliyyətinə zəmanət verən əsas amillər kimi qiymətləndirən Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən şəbəkədə yenidənqurma işlərinin davam etdirilməsinin gündəlikdə duran əsas tapşırıqlardan biri olduğu bildirildi.
Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən onu da bildirdilər ki, görülmüş işlər enerjisistemin dayanıqlığının daha da möhkəmləndirilməsi, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması ilə yanaşı, respublikamızın qərb bölgəsində enerjitəchizatı müəssisəsinə daha da keyfiyyətli elektrik enerjisinin ötürülməsinə imkan yaratmışdır.
“Gəncə Regional Elektrik Şəbəkəsi” Gəncə şəhərində, Samux, Şəmkir, Ağstafa rayonlarında enerjitəchizatı müəssisəsinə enerjinin ötürülməsini həyata keçirir.