HİDROAQREQATIN TƏMİRİ BAŞA ÇATMIŞDIR
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, Yenikənd Su Elektrik Stansiyasında 2016-cı ilin sentyabr ayında 9,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
2016-cı ilin 9 ayı ərzində isə bu Su Elektrik Stansiyasında 236,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq istismar edilir.
Nəzərdə tutulmuş təmir-bərpa işlərinə gəldikdə isə, stansiyada 2 saylı hidroaqreqatın əsaslı təmiri başa çatdırılmış, 4 sayı hidroaqreqatda isə əsaslı təmir işləri davam etdirilir. Bununla yanaşı, cari ilin son üç ayı ərzidə qrafikdə nəzərdə tutulmuş avadanlıqların texniki xidmət işləri də başa çatdırılmışdır.
4 hidroaqreqatdan ibarət, ümumi gücü 150 meqavat olan Yenikənd Su Elektrik Stansiyası 2000-ci ildə istismara verilmişdir.