TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR YÜKSƏKDİR
Respublikamızda enerji sisteminin mövcud potensialının səmərəliliyinin artırılmasında, elektrik energetikası təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılması istiqamətində görülən işlər də ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, sənaye potensialının artırılmasına çox güclü təkan verir. Belə güclərdən biri də ümumi gücü 780 meqavat gücündə olan “Cənub” Elektrik Stansiyasıdır.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin iyun ayında stansiyada 220,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, cari ilin I yarımilliyi ərzində stansiyada 2 milyard 198,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Mənbəyə istinadən qeyd edək ki, sözügedən dövrdə elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Yeri gəlmişkən, digər enerji obyektlərində olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzindədir. Belə ki, sexlər, inzibati bina və yardımçı binalarda yanğınsöndürmə avadanlıqları təftiş edilmiş, ərazi yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Eyni zamanda yanğına qarşı əks-qəza məşqi də keçirilmişdir.
Xatırladaq ki, bu stansiyada enerji təhlükəsizliyi prinsipinə görə digər analoji stansiyalardan fərqli olaraq, bu stansiyada üç yanacaq növündən - qaz, mazut və dizel yanacağından istifadə edilməsinə imkan verən texnologiyalar tətbiq edilmişdir. Bu stansiyanın Abşeron yarımadasının və cənub bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin daha da dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var.