ELMI KITABXANA ƏN MÜASIR ƏDƏBIYYATLARLA ZƏNGINLƏŞDIRILIB
Müasir dövrdə elektrik energetikası sahəsində elmi tədqiqatların, yaradıcılıq axtarışlarının əhatə dairəsi sürətlə genişlənir. Bu yeniliklərlə ətraflı tanış olmaq, onlardan yetərincə faydalanmaq isə yeni nəşr edilən texniki ədəbiyyata böyük zərurət yaradır.
Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutundan (AET və LAEİ) Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, AET və LAEİ-nin nəzdində fəaliyyət göstərən xüsusi kitabxana respublikada elektrik energetikası sahəsi üzrə ixtisaslaşmış yeganə kitabxanadır. İnstitut yarandığı vaxtdan fəaliyyət göstərməyə başlayan bu elmi kitabxananın zaman keçdikcə maddi-texniki bazası genişləndirilib, kitab fondu energetiklərin tələbatına uyğun komplektləşdirilib. Burada energetikanın bütün sahələrinə, həmçinin kibernetika, fəlsəfə, tarix, statistika, riyaziyyat, iqtisadiyyat və s. elmlərə aid ədəbiyyat cəmləşib.
Lakin müasir dövrdə elmi-texniki tərəqqi getdikcə geniş vüsət alır. Bu da öz növbəsində elmi kitabxananın qarşısında bu inkişafa xidmət etmək, texniki ziyalıların artan tələbatını ödəmək tələbini qoyur. Bütün bunlar isə kitab fondunun yeni ədəbiyyatla zənginləşdirilməsini şərtləndirir.
Bu məsələ institut rəhbərliyinin də diqqət mərkəzindədir. Belə ki, bir neçə ay bundan əvvəl AET və LAEİ-nin rəhbərliyi kitabxananın yeni ədəbiyyatla təmin edilməsi barədə təşəbbüs qaldırmış və bu məqsədlə son illər nəşr etdirilən ədəbiyyatların siyahısı tutulmuşdu.
Qeyd edək ki, əvvəllər respublikada elektrik energetikasına aid ədəbiyyat kifayət qədər idi, hətta bəzi mağazalarda bu sahəyə aid xüsusi bölmələr də fəaliyyət göstərirdi. İndi isə belə kitablar çətin tapılır. Ona görə də yeni kitabların hamısı Rusiyadan sifariş etdirilib.
Bu günlərdə sifariş olunan kitablar respublikaya gətirilib, AET və LAEİ-nin nəzdində fəaliyyət göstərən elmi kitabxanaya təhvil verilib. Bundan bir gün sonra isə institutun foyesində yeni kitabların sərgisi təşkil edilib.
Elektrik energetikası sahəsinin müxtəlif bölmələrinə aid olan bu kitablar son elmi nailiyyətlərin bəhrəsidir. İnstitutun elmi işçilərinin, mühəndis-texniki heyətin böyük marağına səbəb olan sərgidə nümayiş etdirilən bu kitablar Rusiyanın tanınmış nəşriyyatlarında işıq üzü görüb.
Bu, institutun kitabxana fondunun zənginləşdirilməsi istiqamətində həyata keçirilən ilk addımdır. Elmi kitabxananın zamanın tələbinə uyğun yeni ədəbiyyatla təmin etdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Beləliklə, institutun elmi işçiləri, aspirant və mühəndis-texniki heyəti bu bilik xəzinəsindən lazımınca bəhrələnə biləcəklər.