“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Image

Mayın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) II Məzun-Karyera Sərgisi keçirilib. Ali məktəblə sənaye müəssisələri arasında əlaqələrin genişləndirilməsi, məzunların öz ixtisaslarına uyğun işlə təmin olunmasına şərait yaradılması məqsədi daşıyan sərgidə “Azərenerji” ASC də iştirak edib.

Səhmdar cəmiyyətin tarixi inkişaf yolu, elektrik enerjisinin istehsalı imkanları, müasir ötürmə və idarəetmə sistemi, həmçinin strateji hədəfləri barədə ətraflı təsəvvür yaratmaq üçün hazırlanmış xüsusi çap məhsulları sərgi iştirakçılarına təqdim olunub. Universitetin energetika fakültəsinin məzunlarına “Azərenerji” ASC-nin mərkəzi aparatında və ayrı-ayrı müəssisələrində olan 31 vakant vəzifə təklif edilib. Əsasən, mühəndis vəzifələrindən ibarət həmin iş yerləri barədə məzunlara ətraflı məlumat verilib.

“Azərenerji” ASC-də öz karyerasını qurmaq istəyi olan məzunlara işə qəbul qaydaları ilə bağlı geniş izahat verilib, onları maraqlandıran suallar cavablandırılıb.