AQREQATLAR DİSPETÇER QRAFİKİNƏ UYĞUN OLARAQ FƏALİYYƏT GÖSTƏRİR
Digər elektrik stansiyalarında olduğu kimi Bakı Elektrik Stansiyasında da aqreqatlarda növbəti istismar həddinə uyğun təmir işləri aparılır. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı Idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada cari ilin iyun ayında 40,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, 2015-ci ilin 6 ayı ərzində burada 255,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində cari ilin 6 ayında stansiyanın digər texniki iqtisadi göstəricilərində də qənaətbəxş nəticələr əldə olunmuşdur.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, cari ilin son üç ayı ərzində stansiyada müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümələdən üç aqreqatda aparılan əsaslı təmir işləri başa çatdırılmış və hazırda bir aqreqatda əsaslı təmir işləri davam etdirilir.
Yeri gəlmişkən, tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, proqnozların uğurla yerinə yetirilməsində stansiya kollektivi səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər.
Mənbəyə istinadən onu da qeyd edək ki, payız-qış mövsümünə hazırlıq tədbirlərinə uyğun olaraq elektrik sexində də avadanlıqlara texniki baxışlar keçirilmiş və müxtəlif təyinatlı təmir işləri görülmüşdür. O cümlədən, güc transformatorlarında, eleqaz açarlarında, ayrıcılarda texniki xidmət işləri aparılmışdır.
Digər enerji obyektlərində olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Sexlər, inzibati bina və yardımçı binalar yanğınsöndürmə avadanlıqları ilə təmin olunmuş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir
Sonda onu da qeyd edək ki, müəssisədə çalışan işçilərin peşəkarlıq qabiliyyətlərinin artırılması məsələsi də diqqət mərkəzində saxlanılır. Eyni zamanda ərazidə abadlıq işləri də vaxtlı-vaxtında yerinə yetirilir.