ŞƏKİ ES: TEXNİKİ QULLUQ İŞLƏRİ UĞURLA DAVAM ETDİRİLİR
Şəki Elektrik Stansiyası şimal-qərb bölgəsinin elektrik enerjisi ilə təchizatının dayanıqlığını təmin etmiş, sosial-iqtisadi inkişafına təkan vermişdir. “Azərenerji” ASC-nin Enerjinin İstehsalı Idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada cari ilin iyun ayında 19,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, cari ilin 6 ayı ərzində burada 140,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Yeri gəlmişkən, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerjisi istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
“Enerji istehsalı üzrə verilmiş plan tapşırıqların yerinə yetirilməsi ilə yanaşı stansiyanın mövsümə hazırlığı da diqqət mərkəzindədir. Avadanlıqların keyfiyyətli istismarının təşkil edilməsi qəza və imtinaların sayının minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirilib və bu proses bu gün də davam etdirilir” – deyən mənbə onu da qeyd etdi ki, son üç ay ərzində səkkiz porşen tipli aqreqatda növbəti istismar həddinə uyğun texniki qulluq işləri başa çatdırılmışdır. Eyni zamanda 110 kilovoltluq açıq paylayıcı quruluşda (APQ) avadanlıqların daha da keyfiyyətli istismarının təşkil olunması, payız-qış mövsümünə hazırlıq məqsədilə müvafiq tədbirlərdə həyata keçirilmişdir. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, texniki qulluq işləri ilə yanaşı abadlıq, yaşıllaşdırma işlərinə də xüsusi diqqət yetirilmiş, o cümlədən dekorativ və meyvə bağlarına xüsusi qulluq edilmişdir. Eyni zamanda işçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər həyata keçirilmişdir. Bütün bunlarla yanaşı cari ildə də heyətin istismar və bilik səviyyəsinin yüksəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
Digər enerji obyektlərində olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Su çəni, nasos qurğusu, su kəməri şəbəkəsi və digər avdanlıqlar təftiş edilərək qüsurlar aradan qaldırılmış, sexlər, inzibati bina və yardımçı binalar yanğınsöndürmə avadanlıqları ilə təmin olunmuş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir
Sonda onu da qeyd edək ki, istehlakçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsi, texniki-iqtisadi göstəricilərin daha da yaxşılaşdırılması, stansiya ərazisinin daim gözoxşayan vəziyyətdə saxlanılması üçün kollektiv böyük səylə çalışır.